Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2154/2025 31.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında Cavabdeh ilə 08 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının olduğunu, ailə münasibətlərinin pozulması səbəbindən nikahlarının Ağdam Rayon Məhkəməsinin qətnamsinə əsasən pozulduğunu və xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladının onun himayəsində saxlandığını, cavabdehin barışıq sazişinə əsasən ödəməli olduğu 300 manat məbləğində alimenti ödəməkdən yayındığını, hal bu ki, cavabdehin maddi imkanının buna imkan verdiyini, lakin o, öhdəliklərini yerinə yetirmədiyini, uşaqların saxlanması üçün heç bir köməklik göstərmədiyini, ayrı yaşadıqları müddətdə uşaqlarına özünün baxdığını, hazirda uşaqlarının böyüdüyünü və onların təlabatlarını tək başına ödəyə bilmədiyini, odur ki məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-295/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnamsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə, Ağdam rayon Gülablı Ərazi Nümayəndəliyi tərəfindən № 30 ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqların anaları, İddiaçı himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 181041 “X6”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İxtiyarova (Məmmədzadə) Günel Nəcibəddin qızının birgə nikahından, xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 519081 “X6”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İxtiyarova (Məmmədzadə) Günel Nəcibəddin qızının birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya Təşkilatının X1 tərəfindən təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00342 saylı barışıq sazişinindən görünür ki, tərəflər birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il atrixdən başlayaraq, Cavabdeh tutularaq, İddiaçı xeyirinə ödənilməsi barədə tam razılığa gəlmişlər. Tərəflər arasında digər məsələlər barədə mübahisə olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəməyə 18 iyun 2025-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment qeyd edilən vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmsı üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa görə ümumilikdə 0.90 misli həddində sabit pul məbləğində aliment 18 iyun 2025-ci il tarixdən hesablanılmaqla Cavabdeh tutularaq İddiaçı Nəcbəddin qızının xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli və cavabdehdən 33.2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmsı üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa görə ümumilikdə 0.90 misli həddində sabit pul məbləğində aliment 18 iyun 2025-ci il tarixdən hesablanılmaqla Cavabdeh tutularaq İddiaçı Nəcbəddin qızının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 33.20 manat dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2154/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2154/2025
31.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver