Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2238/2024 05.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi /atası/ X6 iştirakı ilə, İddiaçı cavabdeh X14 qarşı alimentin qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi məbləğində tutulması və uşağa 3 yaşa çatanadək qulluğa görə 200 manat tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X14 qarşı iddia açaraq cavabdehdən ümumi uşaqları 02 avqust 2023-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə və cavabdeh C.Əzimovdan uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh C.Əzimov ilə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən pozulmuş və C.Əzimovdan 02 avqust 2023-cü il təvəllüdlü Ayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda müəyyən edilmişdir ki, C.Əzimov Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası DİN-nin X8 xidmət etməklə aylıq əmək haqqı 1400 manat təşkil edir. Ona görə də hesab edir ki, C.Əzimovdan 02 avqust 2023-cü il təvəllüdlü A.Əzimovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi miqdarında aliment tutulub ona verilməlidir. Eyni zamanda maddi durumu və uşağın səhhətində problemlər olduğuna görə cavabdeh C.Əzimovdan az yaşlı uşağa qulluq etdiyi üçün ona uşağa qulluğa görə uşaq 3 yaşına çatanadək 200 manat məbləğində aliment alınıb ona verilməlidir. X2 arayışı da ərizəyə əlavə edilmişdir. Cavabdeh C.X9 iclasında iştirak etməkdən imtina etmişdir. Odur ki, cavabdeh C.Əzimovdan 02 avqust 2023-cü il təvəllüdlü Ayannın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə və cavabdehdən uşağa qulluğa görə uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş edir. Məhkəmə iclasına gəlmiş İddiaçı nümayəndəsi /atası/ X15 iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq qeyd etdi ki, uşaq 3-4 aylığından xəstədir, Bərdə və Gəncə şəhərlərində müalicələr alır. Cavabdeh uşağın müalicəsinə, yaxud onun saxlanılmasına heç bir maddi yardım etmir, uşaqla maraqlanmır. Qızı Aytac heç bir yerdə işləmir, əmək haqqı almır. Uşağın müalicə xərclərini özü çəkir. Ona görə də tələbin təmin edilməsini istəyir. Cavabdeh C.Əzimov məhkəmə iclasına gəlməmişdir, onunla telefon əlaqəsi yaradılmış, bildirmişdir ki, Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası DİN-nin X8 xidmət edir, məhkəməyə gələ bilmir. Cavabdeh məhkəməyə teleqram vuraraq iddia tələblərini qəbul etmədiyini bildirmiş, iddiaçının sübutlarının olmamasını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, nümayəndəni dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş AA ******* saylı Şəxsiyyə Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş Ağdam RİH Başçısının Bənövşələr Qəsəbə İƏD üzrə Nümayəndəliyinin 30 iyul 2024-cü il tarixli, 231 saylı arayışından görünür ki, İddiaçı Ağdam Rayon Bənövşələr Qəsəbəsi 22 A saylı evdə müvəqqəti yaşayır. Ərizəyə əlavə edilmiş X1 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahları dövründə - 02 avqust 2023-cü il təvəllüdlü Ayan adlı uşaqları anadan olmuşdur. Ərizəyə əlavə olunmuş AA5323279 saylı vəsiqə surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Ərizəyə əlavə olunmuş AZ-İ № 493145 saylı X10 Şəhadətnamənin surətindən görünür ki, tərəflər aralarında nikah 05 iyul 2024-cü il tarixdə pozulmuşdur. Ərizəyə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(013)- 786/2024 saylı Qətnamənin surətindən görünür ki, C.Əzimov ilə İddiaçı arasında xx.xx.2021-ci ildə Bərdə Regional ASAN XİDMƏT X4 1223 nömrə ilə qeydə alınmış nikah pouzulmuş, xx.xx.2023-cü ildə anadan olmuş Ayan adlı uşaq yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında saxlanılmış və xx.xx.2024-cü il tarixdən başlayaraq C.Əzimovdan uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-nin 17072 saylı X5 məhkəməyə daxil olmuş 26 avqust 2024cü il tarixli arayışdan görünür ki, cavabdeh C.Əzimov həmin hərbi hissədə xidmət edir, əmək haqqı 1000-1300 manat civarındadır. X3 X12 29 iyul 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh C.Əzimov mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh rəsmi olaraq ayrılmışlar. Onların 1 uşağı iddiaçının himayəsindədir. İddiaçı aliementin artırılmasını isəyir, həmçinin uşağın 3 yaşınadək saxlanılması üçün maddi yardım formasında pul istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2024-cü il üçün X13" Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə alimentlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia həmin hissədə təmin edilə bilər, cavabdeh C.Əzimov sabit əmək haqqı məbləği alır, atasından 1 uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək hər ay onun qazancının 1/4 hissəsi aliment tutulmalıdır. Həmçinin iddiaçı iddia tələblərində cavabdeh C.Əzimovdan uşağın əlavə xərclərinə görə əlavə olaraq 200 manat pulun da onun xeyrinə tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd olunan Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmçinin Məcəllənin 84.2-ci maddəsinə görə köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə İddiaçı işsiz olmasını, uşağın 3 yaşına çatmayaraq azyaşlı olmasını, xəstə olaraq müalicələr almasını və uşağın 3 yaşına çatanadək atanın əlavə xərclərə cəlb edilməsi barədə iddiaçının tələbini də qismən əsaslı hesab edir və hesab edir ki, uşaq 3 yaşına çatanadək əlavə olaraq atadan 50 manat hər ay pul tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. "X17" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və 1000 manatdan yuxarı məbləğin 1 %-i məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, 50 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də cavabdeh C.Əzimovdan tutularaq dövlət nəfinə verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edlməli, tərəflərin birgə nikahlarından anadan olmuş 02 avqust 2023-cü il təvəllüdlü Ayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının 1/4 hissəsi qədərində aliment və 50 manat əlavə xərc kimi pul məbləği uşaq 3 yaşına çatana kimi tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X7 - hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi məbləğində aliment və uşaq 3 yaşa çatanadək hər ay 50 /əlli/ manat əlavə xərc kimi pul məbləği 31 iyul 2024-cü il tarixdən hesablanılmaqla tutulub 02 avqust 2023-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh X7 - 50 /əlli/ manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ tutularaq dövlət büdcəsinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2238/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2238/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver