Məhkəmə qərarları › İş №2(013)-2303/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2303/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2303/2024 05.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, nümayəndəsi /vəkil/ X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 55 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 06 fevral 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 2014-cü il təvəllüdlü Hüseyn və 2016-cı il təvəllüdlü Həsən adlı 2 uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün nikahları Ağdam Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(013)- 2333/2023 saylı Qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Həmin vaxtdan bu günə kimi Cavabdeh uşaqların saxlanılmaları üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh ARAZ MARKETdə işləyir, kifayət qədər əmək haqqı alır. Özü isə uşaqlara baxdığından heç bir yerdə işləyə bilmir. Odur ki, cavabdehdən 2 uşaqlarının saxlanılması üçün 470 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 1-ci Qarabağ Müharibəsinin veteranıdır. Cavabdehlə 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 16 noyabr 2023-cü il tarixdə Ağdam Rayon Məhkəməsində boşanmışlar. Birgə nikahlarından 2014-cü il təvəllüdlü Hüseyn və 2016-cı il təvəllüdlü Həsən adlı 2 uşaqları anadan olmuşlar, boşanmadan sonra uşaqlar ataları ilə yaşayırlar. Həmin vaxtdan cavabdeh uşaqların saxlanılmasına heç bir maddi yardım etməmişdir. Usta olsa da uşaqlar kiçik olduqlarından heç bir yerdə işləyə bilmir. Cavabdeh işləyir, əmək haqqı alır. Uşaqlar üçün alimentin məbləği qanunla müəyyən edilir. Hesab edir ki, cavabdeh uşaqların saxlanılması üçün yardım edə bilər. Ona görə də iddia tələblərinin tam həcmdə təmin edilməsini istəyir. Cavabdeh iddia tələblərini qismən qəbul edərək qeyd etdi ki, hazırda Bakı Şhərində kirayələrdə yaşayır. Marketdə işləməklə 450 manat əmək haqqı alır, həmin puldan da 200 manat ev kirayəsi pulu verir və bank krediti ödəyir. İddiaçının tələb etdiyi məbləği ödəməyə heç cür imkanı yoxdur. Hər ay 2 uşaqlarının saxlanılmasına 100 manat məbləğində pul ödəyə bilər. Nəzərə alınmasını xahiş edir. Cavabdeh nümayəndəsi /vəkil/ X7 göstərdi ki, alimentin tutulmasının 2 qaydası mövcuddur. Cavabdeh marketdə işləməklə hazırda 450 manat əmək haqqı alır. Həmçinin kirayədə yaşayır və bank krediti də ödəyir. Cavabdehin sabit əmək haqqısı var və aliment məbləği də həmin əmək haqqına mütənasib olmaqla 2 uşaq üçün əmək haqqının 1/3 hissəsi qədərində qət edilməlidir. Cavabdehdən sabit pul məbləğində alimentin qət edilməsi gələcəkdə icranın mümkün olmamasına gətirib çıxara bilər. Ona görə də aliment məbləğinin 2 uşaq üçün cavabdehin əmək haqqısının 1/3 hissəsində qət edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfləri və nümayəndəni dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş AA ******* saylı Şəxsiyyt Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V 085967 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ərizəyə əlavə edilmiş X3 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahları dövründə iki övladları - xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Həsən adlı uşaqları anadan olmuşlar. Ərizəyə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, Azər Allahveriyev ilə Cavabdeh aralarında xx.xx.2014-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 02 sayla qeydə alınmış nikah pozulmuş, 2014-cü il təvəllüdlü Hüseyn və 2016-cı il təvəllüdlü Həsən adlı uşaqları yetkinlik yaşına çatana qədər atası İddiaçı himayəsində saxlanılmışlar. X5 X9 02 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə Ağdam Rayonu Xındırıstan kəndində anadan olmuş və rayonun Çullu kəndinin qeydiyyatındadır. ARAZ Supermarket MMC-dən verilmiş 02 sentyabr 2024-cü il tarixli arayışdan və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh həmin şəbəkədə satıcı işləyir, əmək haqqı 450 manat civarındadır. Göründüyü kimi iddiaçı ilə cavabdeh boşanmışlar, ayrı yaşayırlar. Onların 2 uşaqları iddiaçı ataları İddiaçı himayəsindədirlər, tərəflər boşanarkən uşaqların saxlanılması üçün aliment qət edilməmişdir. İddiaçı maddi vəziyyəti ilə bağlı, həmçinin cavabdehin bir ana kimi uşağın saxlanması üçün heç bir maddi köməklik etməməsi səbəbindən məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamıdıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2024-cü il üçün X10" Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qərarda qeyd olunur ki, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qərarda qeyd olunur ki, həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qərarda həmçinin qeyd olunur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qərarda o da qeyd olunur ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, aliment məbləği müəyyən edilərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdeh məhkəməyə ARAZ SUPERMARKET MMC-nin 02 sentyabr 2024-cü il tarixli arayışını təqdim edərək 450 manat əmək haqqı almasını bildirir, həmçinin AB Bankı ilə bağladığı kredit müqaviləsini təqdim edərək kredit ödəməsini bildirir, həmin məbləğə mütənasib olaraq əmək haqqının 1/3 hissəsi məbləğində 2 uşaq üçün alimentin tutulmasını xahiş edir, həmçinin Bakı Şəhərində kirayədə yaşadığını, 200 manat kirayə haqqı verdiyini, maddi vəziyyətinin yaxşı olmamasını bildirir. Məhkəmə qeyd edir ki, Cavabdeh hazırda aldığı 450 manat əmək haqqının 1/3 hissəsi ilə 2 uşaqların saxlanılması üçün alimentin qət edilməsi, yəni hər bir uşaq üçün 75 manat alimentin qət edilməsi uşaqların saxlanılmasının normal səviyyədə təmin edilməsi baxımından ağlabatan hesab oluna bilməz. Məhkəmə yuxarıda qeyd olunan Ailə Məcəlləsinin tələblərini, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məlum Qərarında olan hüquqi mövqeyi və uşaqların maddi təminatının təmin edilməsi ilə bağlı digər qanunvericilik aktlarının tövsiyyələrini, həmçinin Cavabdeh maddi vəziyyətini də nəzərə alaraq hesab edir ki, uşaqların minimum tələbatlarının mümkün qədər ödənilməsi baxımından, həmçinin iddiaçı atanın işsiz olması baxımından uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment, hər uşaq üçün 150 manatdan olmaqla aliment məbləği qət edilməlidir. X11" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və 1000 manatdan yuxarı məbləğin 1 %-i məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı mediasiya xərci olaraq 55 manat ödəmiş, müharibə veteranı olduğundan dövlət rüsumu ödəməkdən azaddır, mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir. Yuxarıda qeyd olunan Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, 56 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməli, həmçinin iddiaçının mediasiya xərci kimi ödədiyi məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 /bir yüz əlli/ manatdan olmaqla cəmi 300 /üç yüz/ manat məbləğində aliment 07 avqust 2024-cü il tarixdən hesablanılmaqla tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 56 /əlli altı/ manat pul tutulub dövlət büdcəsinə verilsin, 55 /əlli beş/ manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar