Məhkəmə qərarları › İş №2(013)-2603/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2603/2024

31.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2603/2024 31.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdam rayon 1 nömrəli tam orta məktəbinə qarşı Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli № 1 iclas protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi - Ağdam rayon 1 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli № 1 iclas protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-827/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(104)-1172/2024 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 827/2024 saylı qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbin, xx.xx.2012-ci il tarixli, №14 əmri ilə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsinə təyin olunmuş, daha sonra Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli, №66 əmri ilə, əsas iş yeri saxlanılmaqla, Ağdam rayon 1 nömrəli tam orta məktəbdə, ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Ağdam rayon 1 nömrəli tam orta məktəbin, №136 əmri ilə müəllimlik vəzifəsinə xitam verilsədə, Ağdam Rayon Məhkəməsinin 2(013)-5812/2017 saylı qətnaməsinə əsasən Ağdam rayon 1 nömrəli tam orta məktəbinin №207 əmri ilə ingilis dili müəllimi kimi vəzifəsinə bərpa edilmiş, beləliklə, 12 il kitabxanaçı, eyni zamanda 10 il ingilis dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. Ağdam rayon 1 nömrəli tam orta məktəbin, Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli №1 iclas protokolu əsasında, 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü müəyyən edilərkən, V.İmamverdiyevaya dərs yükü verilməsi nəzərdə tutulmamışdır. Hal-hazırda hər iki vəzifəsinə görə əmək müqaviləsi var, hər iki müqavilə müddətsiz olaraq qüvvədədir. Lakin buna baxmayaraq cavabdeh V.İmamverdiyevaya dərs yükü verməməklə, əmək haqqı verməməklə əmək müqaviləsinin şərtlərini pozmuş və əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, əmək müqaviləsinin 4.12-ci bəndində həftə ərzində 6 saatdan çox olmayaraq, yəni 6 saat dərs yükü nəzərdə tutulub, bu da 151.80 manat əmək haqqı deməkdir. Qeyd olunan müqavilədə əsas iş yeri, və ya, əlavə iş yeri sözləri qeyd olunmamasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçının müəllim vəzifəsi əlavə iş yeri hesab edilərək, müəllim kimi məktəbdən kənarlaşdırıb və dərs yükünü əsas iş yeri üzrə çalışan müəllimlər arasında bölüb. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə daxil olmuş və iddiaçı ərizəsində xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağdam rayon 1 nömrəli tam orta məktəbinin direktoru Cavabdeh məhkəməyə ərizə daxil olmuş və o, ərizəsində xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın əsası olmadığı üçün həmin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 72 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimatı məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar”ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023- 2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (ingilis dili) nəzərdə tutulmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 345 nömrəli və xx.xx.2023-cü il tarixli, 307 nömrəli arayılardan görünür ki, 2023-2024 cü tədris ilində, xx.xx.2023-cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psixoloq, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur. 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (1. X11,

2. X16, 3. X12, 4. X2, 5. X13, 6. X6) və cəmi 72 (yetmiş iki) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaların 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. Beləliklə, xx.xx.2023-cü il tarixində keçirilmiş Pedaqoji Şura iclasının 2023- 2024-cü tədris ili üzrə dərs bölgüsü haqqında qəbul olunmuş qərarında əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərinh dəörs yükü ilə təmin olunmasındakı çətinlikləri Elm və Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli təlimati məktubunu və xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş normaların 3-cü bəndini nəzərə alaraq əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı dərs yükü müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 371 nömrəli arayışdan görünür ki, Bərdə rayon Vəkil Bürosunun rəhbərinin xx.xx.2023-cü il tarixli, 323 nömrəli sorğusuna əsasən İddiaçı şəxsi işinin olan zəruri sənədlərin təsdiqlənmiş surəti və sorğuda nəzərdə tutulmuş arayışlar ona göndərilməsi üçün Qarabağ regional Təhsil İdarəsi Ağdam rayon 1 nömrəli Tam orta məktəb tərəfindən hazırlanmış və xx.xx.2023-cü il tarixdə İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 346 nömrəli arayışdan görünür ki, Bərdə Rayon Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilir ki, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli, 66 və 34 nömrəli əmri ilə müddətsiz əmək müqaviləsi üzrə Ağdam rayon 1 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunandan xx.xx.2023-cü il tarixə qədər 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir. O, 2022-2023-cü tədris ilində də 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir (əvəzçilik qaydasında deyil). Hal-hazırda ingilis dili müəllimi üzrə olan əmrinə xitam verilməyib. Lakin xx.xx.2023 cü il tarixli Ağdam rayon 1 nömrəli Pedaqoji Surada 2023- 2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyyən edilərkən, İddiaçı dərs yükü verilməsi nəzərdə tutulmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, Verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, o, Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli 66 § 36 nömrəli əmri ilə əlavə və müddətsiz əmək müqaviləsi üzrə Ağdam rayon 1 nömrəli tam orta məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin olunmuşdur. O, 2022-2023-cü tədris ilində 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir (əvəzçilik qaydasında deyil). xx.xx.2023-cü il tarixli 1 nömrəli Pedaqoji Şurada 2023-2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyən edilərkən. İddiaçı dərs yükü nəzərdə tutulmamasının səbəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyin 22 iyul 2017-ci il tarixli təlimati məktubu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psxoloq, UBTR, lobarant və kitabxanaçı dərs yükü nəzərdə tutulmur), məktəbdə əsas əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi və cəmi 72 (yetmiş iki) saat xarici dil dərslərin (tədris planı və sinif komplektləri üzrə) mövcudluğu olmuşdur (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"nın 2-ci bəndi). İş materiallarında olan Azərbaycan Elm və Təhsil Nazirliyi, Qarabağ Regional Təhsil İdarəsinə ünvanlanmış Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun rəhbəri Xanım İsayevanın xx.xx.2023-cü il tarixli, 323 nömrəli sorğusunda İcraatımda olan mülki iş üzrə yaranmış zərurətlə əlaqədar, İddiaçı ilə, Qarabağ Regional Təhsil İdarəsi arasında bağlanmış Əmək Müqaviləsinin surətini, hər iki vəzifəsi ilə əlaqədar arayışı, işə təyin olunma əmirlərinin surətini, işdən çıxma əmrinin surətini, işə bərpa əmrinin surətini, dərs yükünün verilməməsi barədə protokolun çıxarışı, bir sözlə şəxsi işin içərisində olan bütün zəruri sənədlərin təsdiqlənmiş surətini mənə göndərməyinizi Sizdən xahiş edirəm. Məlumat üçün bildirirəm ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarətdir. Sözügedən Qanunun 7-ci maddəsinin tələbinə görə təşkilatı formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz borclarının yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinin tələbinə görə vəkil peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənədlər toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətini çıxartmaq hüququna malikdir. Hazırki sorğuya cavabı sorğunu təqdim edən şəxs vasitəsi ilə mənə göndərə bilərsiniz qeyd edilmişdir. İş materiallarında olan Kapital Bank ASC-yə aid ödəniş terminalından çıxarışlardan görünür ki, 4169**2471 nömrəli karta balans artımı və kartdan məxariclər olmuşdur. İş materiallarında olan Ağdam rayon 1 nömrəli Tam Orta Məktəbin Pedaqoji Şuranın xx.xx.2023-cü il tarixli, 01 nömrəli iclasının sədr Cavabdeh, katib A.A.Alışov Protokolundan çıxarışdan görünür ki, Gündəlikdə olan məsələ üzrə qərarın, kitabxanaçı İddiaçı aid olan hissəsindən: Məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 72 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimatı məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar"ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (İngilis dili) nəzərdə tutulmamışdır. İş materiallarında olan Ağdam rayon 1 nömrəli Tam Orta Məktəbin Pedaqoji Şuranın xx.xx.2023-cü il tarixli, 01 nömrəli iclasının sədr Cavabdeh, katib A.A.Alışov Protokolundan çıxarışdan görünür ki, Gündəlikdə olan məsələ üzrə qərarın, kitabxanaçı İddiaçı aid olan hissəsindən: Məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 69 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar"ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (İngilis dili) nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 307 saylı arayışından görünür ki, Verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, 2023-2024- cü tədris ilində, xx.xx.2023-cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri,psxoloq, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur). 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (1. X11,

2. X17, 3. X12, 4. X2, 5. X13, 6. X6) və cəmi 69 (altmış doqquz) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar" in 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. Beləliklə 12 sentyabr 2023-cü il tarixində keçirilmiş Pedoqoji Şura iclasının 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü haqqında qəbul olunmuş qərarında, əsas iş yeri üzrə müəllim ingilis dili) işləyən pedoqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri, Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubunu və 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş normaların 3-cü bəndini nəzərə alaraq əsas iş yeri üzrə kitabxanaçı, əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı dərs yükü müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 345 saylı arayışından görünür ki, Verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, 2023-2024- cü tədris ilində, xx.xx.2023-cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri,psxoloq, UBTR,lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur). 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (1. X11,

2. X17, 3. X12, 4. X2, 5. X13, 6. X6) və cəmi 72 (yetmiş iki) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar" in 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. Beləliklə 12 sentyabr 2023-cü il tarixində keçirilmiş Pedoqoji Şura iclasının 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü haqqında qəbul olunmuş qərarında, əsas iş yeri üzrə müəllim ingilis dili) işləyən pedoqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri, Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubunu və 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş normaların 3-cü bəndini nəzərə alaraq əsas iş yeri üzrə kitabxanaçı, əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı dərs yükü müəyyən olunmamışdır. İş materiallarında olan Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2012-ci il tarixli, 14 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı ərizəsinə əsasən məktəbə Kitabxanaçı təyin edilmişdir. Əmr: xx.xx.2012-ci il tarixdən qüvvədə hesab edilsin. İş materiallarında olan Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2023-cü il tarixli, 01 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı əsas iş yeri saxlanılmaqla 1 saylı tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Əmr: xx.xx.2023-cü il tarixdən qüvvədə hesab edilsin. İş materiallarında olan Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2017-ci il tarixli, 136 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin ingilis dili müəllimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən işinə xitam verilsin və son haqqı hesabı ödənilsin. İş materiallarında olan Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2018-ci il tarixli, 207 nömrəli Əmrdən çıxarışdan görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-5812/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı işinə bərpa edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək Kitabçasından görünür ki, İddiaçı Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəbində işləməsi ilə əlaqədar əmək kitabçası mövcuddur. İş materiallarında olan Sosial Arayışdan görünür ki, İddiaçı Müəllim və Kitabxanaçı vəzifələri üzrə əmək haqqı ödənişlmişdir. İş materiallarında olan Elektron e-sosial kabinet vasitəsi ilə çıxarılmış əmək müqaviləsi üzrə bildiriş və çıxarışlardan görünür ki, Kitabxanaçı, həmçinin Müəllim və Kitabxanaçı vəzifələri üzrə əmək haqqı ödənişlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X5 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, həmçinin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X5 X14 şöbəsi X15 xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, arayışlarından görünür ki, X3 hamilədir. İş materiaalarında olan Ağdam Regional Təhsil Şöbəsi üzrə xx.xx.2013-cü il tarixli 66 saylı əmrdən görünür ki, məktəbin direktorunun təqdimatına əsasən İddiaçı əsas iş yeri saxlanılmaqla 1 salı Tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi X19 və Texnologiya Kölleci tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 30254 nömrəli Diplomun surətindən (BB-İİ №107917) görünür ki, X1 Dövlət İdarəetmə və Texnologiya Köllecinə daxil olmuş və xx.xx.2010-cu ildə İngilis dili ixtisası üzrə tam kursu bitirmiş və ona İngilis dili müəllimi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.20217-ci il tarixli 04/73 saylı məlumatından görünür ki, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Laçın və Xocavənd rayon Təhsil Şöbələrinə xx.xx.2013- cü il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbul qaydalarından kənar qəbul edilmiş (müddətli və müddətsiz), işləmənin yaş həddinə və ehtiyaca görə müddətili müqavilə ilə işə götürülmüş müəllimlərlə bağlanmış əmək müqavilələrinə xx.xx.2017-ci il tarixdən xitam verilməsi tapşırılmışdır. İş materiallarından olan xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsindən görünür ki, X7 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. İş materiallarından olan xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023- cü il tarixli 01 nömrəli əlavədən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 nömrəli əlavə bağlanmış və xx.xx.2022-ci tarixdən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci tarixli əmək müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından olan xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsindən görünür ki, X7 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə Kitabxanaçı qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. İş materiallarından olan xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, X7 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 01 nömrəli əlavə bağlanmış və xx.xx.2022-ci tarixdən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci tarixli əmək müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından olan Normalardan görünür ki, Təhsil, təlim – tərbiyyə müəssisələrinin rəhbər, inzibati – təsərrüfat, tədris – köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar müəyyən edilmiş, Normalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1999-cu il tarixdə 142 nömrə ilə qeydiyya alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi hər kəs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsi qanunda və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının əsas vəzifəsi kitabxanaçıdır. İş materiallarında olan əmək müqaviləsi bildirişi və pedaqoji şuranın iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbində əsas iş yeri kitabxanaçı, əlavə iş yeri isə ingilis dili müəllimi olduğundan və tədris və dərs bölgüsü nəzərə alınaraq Elm və Təhsil Nazirliyinin məktubuna əsasən 2023-2024-cü tədris ili üzrə əsas iş yeri müəllim olmayan işçilərə dərs yükü nəzərdə tutulmadığından ona dərs verilməmişdir. Ancaq məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı hazırda müddətsiz əmək müqaviləsi üzrə məktəbdə kitabxanaçı vəzifəsində işləməklə işinə davam edir və aylıq 538 manat əmək haqqı alır. Bundan başqa məhkəmə diqqətə çatdırır ki, müəllimlərlə əmək müqaviləsi bağlansa da hər il dərs bölgüsü və tədris yükü büdcədən ayrılan maliyyə vəsaiti və tədrisə cəlb edilən şagirdlərin sayı nəzərə alınaraq bu sahədə səlahiyyətli orqan olan Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və müəllimlərə dərs yükü saathesabı olaraq verilir. Belə olan halda iddiaçıya dərs yükünün verilməsi səlahiyyətli orqanın funskiyalarına daxildir ki, bu məsələ məhkəmə qaydasında baxılmalı məsələ deyil. Məhkəmənin tədris yükünün verilməsi ilə bağlı iddialara baxması və bununla bağlı qərar qəbul etməsi isə həmin funksiyanı məhkəmənin öz üzərinə götürməklə nəticələnər ki, bu da yolverilməzdir. Bundan başqa məhkəmə iddia tələbində qeyd edilən pedaqoji şuranın iclas protokolunun iddiaçıya aid hissədə ləğv edilməsi tələbi ilə razılaşmır və həmin hissədə də iddianın təmin edilməməli olması qənaətinə gəlir. Belə ki, pedaqoji şuranın iclas protokolu hüquqmüəyyən edici sənəd deyil və bu səbəbdən məhkəmə qaydasında ləğv edilə bilməz. Sonda məhkəmə onu da vurğulayır ki, hazırda iddiaçı məktəbdə kitabxanaçı olaraq işinə davam etdiyinə və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmədiyinə, sadəcə əlavə iş yeri müəllim olması səbəbindən 2023-2024-cü tədris ili üzrə ona dərs yükü nəzərdə tutulmadığına və tədris yükü ayrılmadığına görə burada heç bir məcburi iş buraxma müddətindən bəhs edilə bilməz və buna görə də hazırki situasiyada məcburi iş buraxma halı olmadığından həmin dövr üçün iddiaçıya əmək haqqı ödənilməsi tələbi də əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 55 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i:

İddiaçı cavabdeh Ağdam rayon 1 nömrəli tam orta məktəbinə qarşı cavabdeh Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli №1 iclas protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar