Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2913/2025 11.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan minimum əmək haqqının 0,86 misli həddində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 0,45 (180 manat) misli həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, Cavabdeh ilə aralarında olan nikahın Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulduğunu, birgə nikahdan olan Fərid adlı uşaqlarının 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyirinə hər ay, 100 manat sabit pul məbləğində alimentin tutulmasının qət edildiyini, daha sonra Cavabdeh müraciəti ilə əlaqədar olaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(013)- 175/2025 saylı qərardadı ilə alimentin miqdarı indeksasiya edilərək, xx.xx.2016-cı il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin, sonrakı artımlar nəzərə alınmaqla, Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,86 misli həddində müəyyən edildiyini, hazırda özünün heç bir yerdə işləmədiyini, taksi fəaliyyəti ilə məşğul olduğunu və 100 manat alimenti belə güclə ödədiyini, övladının saxlanması üçün aliment ödəməkdən boyun qaçırmadığını, təyin olunmuş aliment miqdarının qismən artırılaraq, minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2017ci il tarixli, 2(013)-3196/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Ağdam rayon qeydiyyat Şöbəsində № 185 ilə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X1 adlı uşağın ananın himayəsində saxlanması və İddiaçı xx.xx.2016-cı il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulub Cavabdeh xeyirinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(013)-175/2025 saylı qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(013)-3196/2017 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulub Cavabdeh xeyirinə ödənilən 100 (bir yüz) manat məbləğində alimentin miqdarı indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,86 misli həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" " 20 " dekabr 2024-cü il № 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3-cü bənddə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plemum qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə yaşayış minimumunun məbləği uşaqlar üçün 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı alimentin tutulmasını müəyyən edən Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-3196/2017 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)- 175/2025 saylı qərardadı ilə indeksasiya edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-175/2025 saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-3196/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmamış, sadəcə olaraq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən indeksasiya edilmişdir. Hazırda Ağdam Rayon Məhkəməsi tərəfindən aliment məbləğinin dəyişdirilməsi və alimentdən azad olunma barədə qərar çıxarılması məqsədə müvafiq deyildir. Məhkəmə yuxarıda göstərilən uşağın hüquqlarını müdafiə edən qanun aktlarını əsas götürüb iddia tələbində göstərilən alimentin müəyyən olunmuş miqdarını azaldılmasını məqsədəmüvafiq və ədalətli hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, ərizəçi məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan minimum əmək haqqının 0,86 misli həddində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 0,45 (180 manat) misli həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2913/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2913/2025
11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver