Məhkəmə qərarları › İş №2(013)-3166/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3166/2023

27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3166/2023 27.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 27 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2023-cü ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin mediasiyaya müraciət etdiyi tarixdən hesablanmaqla cari ilin sonunadək 220 manat, 2024cü ilin yanvar ayının 1-dən qanunvericiliyə uyğun olaraq 235 manat alimentin, körpə övladı 3 yaşına çatanadək əlavə xərclərinə görə 100 manat pulun və övladları azyaşlı olduğundan işləyə bilmədiyi nəzərə alınaraq onun saxlaması üçün əlavə 200 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2017-ci ildə rəsmi nikah qeydindən keçməklə Cavabdeh ərə getmiş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Mehdi və xx.xx.2023-cü il təvəllüdlü Nilay adlı uşaqları olmuşdur. Nilay adlı uşağa hamilə olarkən cavabdehin nikahın pozulması üçün məhkəməyə müraciət etdiyini, aralarında olan nikahın Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1343/2023 saylı qətnaməsi ilə pozulduğunu, Mehdi adlı uşağın onun himayəsində saxlandığını və Mehdi adlı uşağın saxlanması üçün hər ay Cavabdeh 160 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini, uşaqlar azyaşlı olduğu üçün heç bir yerdə işləyə bilmədiyini cavabdehin uşağın saxlnamasında ona heç bir köməklik etmədiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək Ağdam Rayon Qaradağlı Musiqi məktəbində tar müəllimi işləməklə 350 manat əməkhaqqı aldığını, Nilay adlı uşağın saxlanması üçün 160 manat aliment ödəmək imkanının olduğunu, əlavə xərc ödəmək imkanının olmadığını qeyd etməklə iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İV № 915862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2023-cü ildə Nilay adlı uşağı olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1343/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehla İddiaçı arasında xx.xx.2017-ci ildə Ağdam Rayon İcra Hakimiyyət başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü Mehdi adlı uşaq anası İddiaçı himayəsində saxlanmaış və Mehdi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçü hər ay Cavabdeh 160 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, cavabdehin əlavə gəlirləri barədə tərəflərin sübut təqdim etməməsini nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh Nilay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə xx.xx.2023-cü ildə hazırki iddia ərizəsi ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə iddianın uşağın 3 yaşına çatana qədər hər ay 100 manat tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, mülki işə baxılarkən məlum olmuduğu kimi tərəflərin ümumi nikahından hazırda 3 yaşına çatmamış xx.xx.2023-cü ildə anadan olmuş Nilay adlı uşağı anası İddiaçı himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün hər ay 160 manat aliment ödəyəcəyi halda onun 30 manatdan artıq zəruri vəsaitə malik olması məhkəmə baxışında təsdiq olunmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü iddianın həmin hissəsinin 30 manat həcmdə təmin olunmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İddiaçı iddiasının övladları azyaşlı olduğundan işləyə bilmədiyi nəzərə alınaraq onun saxlaması üçün əlavə 200 manat aliment tələbinə dair hissəsi Cavabdeh zəruri vəsaitə malik olması barədə sübut təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən Cavabdeh 42,80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü ildən başlayaraq Cavabdeh xx.xx.2023-cü ildə anadan olmuş Nilay adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş Nilay adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. T.N.Məmmədovdan 42,80 manat dövlət rüsumu tutulsun. İddiaçı iddiasının alimentin tutulmasının başlanğıcının mediasiya xidmətinə müraciət etdiyi vaxdan hesablanması və aliment tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar