Məhkəmə qərarları › İş №2(013)-594/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-594/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-594/2025 17.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri rəsmi nikahlarından doğulmuş və onun himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 246 manat olmaqla, cəmi 492 manat alimentin və mediyasiya xidmətinə görə ödədiyi 60 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 04 dekabr 2010-cu il tarixdə el adəti ilə toy edərək, rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş, tərəflərin birgə nikahlarından 2 övladlarının olduğunu, daha sonra ailə münasibətlərinin pozulduğunu və hazırda xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladının onun himayəsində olduğunu, ayrı yaşadıqları 5 il ərzində uşaqlarına İddiaçı özünün baxdığını bildirməklə, xx.xx.2011ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, 246 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə daxil olmuş və iddiaçı ərizəsində, Bakı şəhərində yaşadığını, maddi imkanının yaxşı olmadığını, bu səbəbdən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tümen şəhər administirasiyasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı komitəsi tərəfindən verilmiş İ-FP № 858829 “X4”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından, xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqları Tümen şəhərində doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Bərdə regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 893342 “X4”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəməyə 14 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment qeyd edilən vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli, iki uşağa ümumilikdə 0,70 misli həddində sabit pul məbləğində aliment 14 yanvar 2025-ci il tarixdən hesablanılmaqla, Cavabdeh Furuz oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 53 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalı, cavabdehdən 60 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli, iki uşağa ümumilikdə 0,70 misli həddində sabit pul məbləğində aliment 14 yanvar 2025-ci il tarixdən hesablanılmaqla, Cavabdeh Furuz oğlundan tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Furuz oğlundan 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh Furuz oğlundan 53 (əlli üç) manat dövlət rüsumu pul vəsaiti tutularaq Dövlət gəlirlərinə alınsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar