Məhkəmə qərarları › İş №2(013)-725/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-725/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-725/2024 24.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – anası X6, Cavabdeh nümayəndəsi – anası X4 iştirakı ilə, İlkin iddia - İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi, Qarşılıqlı iddia - Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə 24 aprel 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində heç bir yerdə işləmədiyini, ailəsinə daxil olan real gəlirinin olmamasını və aprel döyüşlərində fəal iştirakını nəzərə alıb Cavabdeh ilə birgə nikahından xx.xx.2017-ci ildə anadan olmuş X5 adlı övladının saxlanılması üçün ondan tutulan hər ay 160 manat aliment miqdarının azaldılaraq hər ay 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1700/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş 160 manat alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən G.İ.Axundova ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək göstərmişdir ki, oğlu İddiaçı aprel döyüşlərində iştirak etmiş, Tərtər hadisələrində zərərçəkmiş olmuşdur. Anarın hazırda heç bir yerdə işləmədiyini və qazancının olmadığını qeyd etməklə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən H.İ.Əliyeva ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək göstərmişdir ki, qızı Cavabdeh uşağı Süleymanın saxlanılmasında çətinlik çəkir. İddiaçı alimenti vaxtında ödədiyini qeyd etməklə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1700/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, X3 iddiası təmin edilərək onunla İddiaçı arasında xx.xx.2017-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 28 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci ildə anadan olmuş Süleyman adlı uşağın yetkinlik yaşına çatana qədər anası L.Ə.Abdullayevanın yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2017-ci ildə anadan olmuş Süleyman adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub L.Ə.Abdullayevaya verilməsi qət edilmişdir. AZ-T № 148900 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci ildə Süleyman adlı uşağı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddialar əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı iddiasının təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1700/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarında göstərilən əsaslardan heç biri mövcud deyildir. İddiaçı tələbinin təmin olunması üçün istər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, istərsə də qanunvericiliyin digər normaları əsas ola bilməz. İddiaçı tələbinin təmin olunması Süleyman adlı azyaşlı uşağın hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1700/2022 saylı qətnaməsi çıxarıldıqdan sonra alimentin miqdarının azaldılması və ya artırılmasına səbəb olan tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respuublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin maddənin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin maddənin Vİ hissəsində qeyd olunmuşdur ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 49.2-ci maddəsinddə qeyd olunmuşdur ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 55.1-ci maddəsində göstərilmişdir ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2-ci maddəsində göstərilmişdir ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci ildə anadan olmuş X5 adlı övladının saxlanılması üçün ondan tutulan hər ay 160 (yüz altmış) manat aliment miqdarının azaldılaraq hər ay 100 (yüz) manat müəyyən edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Cavabdeh İddiaçı qarşı Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)- 1700/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş 160 (yüz altmış) manat alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment təyin olunması tələbi barədə qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar