Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-731/2024 15.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10 000 manat məbləğində pulun, 1400 manat faizin, 5000 manat əldən çıxmış faydanın, 50 000 manat mənəvi ziyanın, cəmi 66 400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, özünün Xocalıdan məcburi köçkün olmaqla Mingəçevir şəhərində məskunlaşdığını və elə orada da şirniyyat sexi işlətdiyini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyli müddətdir tanıdığını, onlarla əvvələr münasibətlərinin yaxşı olduğunu, bu səbəbdən də etibarından istifadə edərək ondan 10 000 manat borc pul aldıqlarını, özünün həmin məbləği işlətdiyi obyektin mayasından və bankdan götürərək cavabdehlərə verdiyini, onların borclarını tezliklə qaytaracaqlarına söz verdiklərini, lakin aradan xeyli müddətin keçməsinə baxmayaraq sözlərinə əməl etmədiklərini, ona olan borclarını qaytarmaqdan boyun qaçırdıqlarını, özünün aldadıldığını hiss etdikdə Mingəçevir ŞPŞ-yə müraciət etdiyini, lakin işdə cinayət tərkibi əlamətləri olmaması səbəbindən cinayətin başlanmasının rədd edildiyini, ona görə də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı E.Abbasovun xx.xx.2024-cü il tarixli qərarnda göstərimişdir ki, İddiaçı Cavabdeh1 uzun müddətdir tanıyır. Əvvəllər münasibətləri normal olub. Bu səbəbdən də Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı mənzilə gedərək, övladının onkoloji xəstə olduğunu bildirərək ondan 10 000 manat borc pul almışdır. Lakin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən borcunu qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 1-ci bəndinin üçüncü abzasında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin («Mülki hüquq pozuntularından (delektlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. X3 məhkəmələrə izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxslərin təsərrfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, isteklakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunzuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi məhkəmə prosesində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut edə bilməmişlər və bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10 000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın qalan və Cavabdeh2 aid hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh1 120 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 10 000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. İddia qalan və Cavabdeh2 aid hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-731/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-731/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver