Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-92/2024 21.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 və X1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə mülki işə 21 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində X2 və X1 məxsus Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 0,13 ha torpq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2007-ci ildə Malik Quluyevdən 7000 ABŞ dollarının Azərbaycan manatına nisbətinə 0,13 ha torpaq sahəsi və üzərində köhnə ev almışdır. Pulu Malikə verdikdən bir müddət sonra sonuncu vəfat etmiş və alqı-satqı müqaviləsini bağlaya bilməmişlər. Malik torpaq sahəsinə dair ona etibarnamə vermişdir. Malikin vərəsəsi kimi iki nəfər oğlu İbrahim və qızı Natəvan qalmışlar. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlərin müqavilə bağlamadıqlarını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər İ.M.Quluyev və N.M.Əliyevaya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməmələrinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququnun yaranması üçün əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnun olması vacibdir. Torpaq sahələrinə dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburi olduğundan və iddiaçının mübahisə etdiyi torpaq sahəsi üzərində mülkiyyət, yaxud sahiblik və istifadə hüququnun olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etmədiyindən, belə bir halda hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin zəmanət vermədiyindən, məhkəmə iddiaçının qanunla qorunan hər hansı hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmadığı qənaətinə gələrək mübahisəyə aşağıda göstərilən maddi hüquq normalarını tətbiq etməklə İddiaçı tələbinin rədd olunmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Sözügedən norma tərəflər arasında hüquq münasibətləri yaranana, yəni 2007-ci ilə qədər Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə isə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə isə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 394-cü madəsində göstərilmişdir ki, Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. https://eqanun.az/framework/46944 407.2-ci maddəyə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 və X1 qarşı X2 və X1 məxsus Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 0,13 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-92/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-92/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver