Məhkəmə qərarları › İş №2(014)-1000/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1000/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1000/2022 18.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Ağdaş rayon Dəhnəxəlil kəndi üzrə nümayəndəliyində xx.xx.1999-cu il tarixində 01 №-li qeydə alınmış nikahın pozulması haqqında 2(014)-221/2018 saylı qətnamə qəbul edilmişdir. Birgə yaşadıqları müddətdə xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il tarixində isə X2 dünyaya gəlmişlər. Ağdaş Rayon Məhkəməsinin qətnaməsinə əsasən övladları onun yanında-himayəsində saxlanılmışdır. Onların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment məhkəmə qaydasında tutularaq ona verilməsinə dair qətnamə qəbul edilmişdir. Cavabdehlə hazırda heç bir münasibətləri yoxdur. Övladlarının normal yaşaması, vaxtı-vaxtında qidalanması və tibbi yolla müalicə olunması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 120 (yüz iyirmi) manat məbləğində aliment həddindən artıq azdır və “Yaşayış minimumu haqqında” Qanununun əksinədir. Yəni bu gün 120 (yüz iyirmi) manat oğlunun ehtiyaclarını ödəmir. Yaşayış minimumu haqqında səbətin dəyəri qədər deyil. Bu gün məhkəmə qaydasında alimentin həcminin artırılmasını vacib sayır. Övladının, yəni oğlu on ildən artıq xəstəlik keçirtdiyindən, onun daima yanında - qulluğunda olduğundan işləyə bilməmişdir. Oğlunu hər dəfə həkiməxəstəxanaya müalicə üçün aparmaqdan idmanla məşğul olmasında va hazırlıq kursuna getməsiylə bağlı çətinliklərlə üzləşmişdir. Faktla bağlı övladının inkişafına həm vaxtını həm də küllü miqdarda pul məbləğini sərf etmiş, yəni ödənişlər etmişdir. Cavabdehin maddi durumu yaxşı olması və onun yüksək gəlir əldə etməsinə baxmayaraq, onları yəni övladlarını tanımaqdan və onlara könüllü kömək etməkdən imtina edir. Övladlarının inkişafı ilə maraqlanmayan, onların tərbiyəsində iştirak etməyən atanın məhkəmə qarşısında izahat verməsini vacib sayır. Aliment verməyən, övladını görmək istəməyən insan ata sayıla bilməz. Məhkəmənin hakimi dövlətimizin adından övladlarının atasına atalıq barədə tövsiyələr verməlidir ki, övladlarını yaddan çıxartmasın. Oğlunun müalicəsində və məktəbdə oxuması ilə bağlı çətinliklərə köməklik göstərməsi olduqca vacibdir. Valideynlərin övladları üçün tərbiyəsi hədər getməsin deyə övladları ilə ancaq o, ciddi məşğul olur. Doğrudur, övladlarının tərbiyəsində, böyüməsində atası iştirak edə bilmirsə, heç olmasa maddi cəhətdən kömək etməlidir ki, onların övladları vətən üçün sağlam böyüsün. Maddi cəhətdən aralarında yaranan mübahisələr övladlarının inkişafına xələl gətirməməlidir. Könüllü olaraq maddi cəhətdən övladlarına kömək etməyən atanı məhkəmənin hakimi dövlətimizin adından ciddi cavabdehliyə çağırmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, uşağı xəstə olduğu üçün pensiya almışdır. O, işləyir və 278 manat maaş alır. Həmin maaşdan aliment tutulur, ailəsinə də qalan məbləğlə baxır. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 dekabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, № 774670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1482/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il tarixində isə X2 anadan olmuşlar, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(014)-956/2021 saylı qətnaməsi ilə xx.xx.2004-cü il tarixində isə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 300 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən bir uşaq üçün 150 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 165 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 165 (yüz altmış beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 165 (yüz altmış beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar