Məhkəmə qərarları › İş №2(014)-1065/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1065/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1065/2025 10.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 04 avqust 2018-ci il təvəllüdlü X4 və 20 dekabr 2015-ci il tarixdə X3 18 yaşına çatandək saxlanılması üçün iddiaçının xeyrinə Cavabdeh hər ay üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarından 04 avqust 2018-ci il təvəllüdlü X4 və 20 dekabr 2015-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlarda cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında tez-tez mübahisələr baş verdi. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət yaradaraq evdə gərginlik yaradır, buda onların münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Ər-arvad münasibətlərinin bərpası və barışmaqları mümkün deyildir. Onunla cavabdeh arasında birgə nikahdan doğulmuş övladları onun yanında qalır. Bütün bunlara son qoymaq üçün ata evinə getmişdir. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının qeydinə qalmır. Uşaqların yaşayışı, səhhəti, gündəlik tələbatları ilə maraqlanmayıb, heç bir ehtiyaclarını ödəməmişdir. O uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüfki, bu məsuliyyəti hələ də dərk etməyib. Hal-hazırda uşağın bütün maddi xərclərini valideynləri çəkir. Bütün bunlara əsas hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq eləcə də, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzürlü səbəb göstərmədən mediasiya prosesindən iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirdi ki, cavabdehlə uşaqların saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment ödənilməsi barədə razılaşmışlar. Ona görə də iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizəsində bildirdi ki, iddia tələbi ilə razıdır, hər uşağa görə 100 manat məbləğində aliment ödəməyə etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan 15 avqust 2018-ci il tarixli AZ-İV 155442 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 avqust 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 12 yanvar 2016-ci il tarixli AZ-İİİ 646847 saylı Ağdaş RİHBnın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 dekabr 2015-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli 3-16-5/8-M-69-1268/2024 saylı arayışdan görünür ki, Cavabdeh və X2 arasında nikah 05 dekabr 2014-cü il tarixdə 10 saylı akt qeydi ilə tərtib olunmuşdur. İşin materiallarında olan 16 oktyabr 2024-cü il tarixli, MŞM/MT00584/2024 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmişdir, İddiaçı isə iştirak etməmişdir. İddiaçı Cavabdeh 50 (əlli) manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 04 avqust 2018-ci il təvəllüdlü X4 və 20 dekabr 2015-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan münasibətləri pozulduğu üçün onlar faktiki ayrılmışlar. Uşaqlar anaları İddiaçı himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşaqların saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tələb edir. İddiaçı məhkəmə iclasına ərizə verərək hər ay hər uşaq üçün 100 manat məbləğində aliment kəsilməsinə razı olduğunu bildirmiş, cavabdeh isə məhkəmə iclasında hər ay hər uşaq üçün 100 manat aliment ödəməyə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini və qarşılıqlı nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04 avqust 2018-ci il təvəllüdlü X4 və 20 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, 04 avqust 2018-ci il təvəllüdlü X4 və 20 dekabr 2015-ci il təvəllüdlü X5 üçün ödəniləcək aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2400 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 44 (qırx dörd) manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15 aprel 2025-ci il tarixdən başlayaraq 04 avqust 2018-ci il təvəllüdlü X4 və 20 dekabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar