Məhkəmə qərarları › İş №2(014)-1146/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1146/2021

23.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1146/2021 23.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı2 (eyni zamanda digər iddiaçının nümayəndəsi), Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Əmirarx kənd sakini X2 ilə qohumluq əlaqələri vardır. Yaşadığı fərdi-yaşayış evinin arxa-yan tərəfində 0,05 ha zəbt olunmuş və 1969-cu ildən bəri faktiki istifadələrində olan torpaq sahəsi mövcud idi. Həmin torpaq sahəsini qanuna müvafiq qaydada rəsmiləşdirməyə görə təxminən 2017-ci ilin əvvəlində aidiyyəti orqanlara müraciət etmişdir. İlk vaxtlarda həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımı sənədləri toplamağa başlamışdır. Qohumluq əlaqələrində olan insanlar torpaq sənədləşdirildikdən sonra nə edəcəyini soruşurdular. O da yaxın insanlara, qohumlarına demişdir ki, sənədlər qaydasına qoyulduqdan sonra satmaq niyyətindədir. Bunu eşidən və onlarla qohumluq əlaqəsində olan X2 2017-ci ilin təxminən fevral-mart aylarında torpağa baxmaq üçün onlara gəlmişdir. Şükür Cəbrayılov torpağa baxdıqdan sonra ona demişdir ki, torpağı heç kimə verməsin, ona versin, sənədləri qaydasına düşdükdən sonra alqı-satqı edərlər və pulunu verəcəkdir. Həmin söhbətə qədər torpağın satışı barədə qəzetdə, küçədə və digər yerlərdə elan verməmişdir. X5 söhbətləşdikdən sonra onunla razılaşmışlar ki, sənədləri tam qaydasına qoyub torpağı ona satacaqdır. Bir neçə ay keçdikdən sonra sənədləri qaydasına qoymuş və hesab etmiş ki, sənədləşdirmə işlərini yekunlaşdırmışdır. Təsadüfən torpağın sənədinə baxarkən sənəddə texniki səhv olduğunu görmüş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir ki, sənədə düzəliş etsinlər. Təxminən 30-40 gündən sonra torpağın sənədləri hazır olmuş və ona təhvil verilmişdir. Torpağın sənədi 1992-ci ildə ailə qurduğu və rəsmi nikaha daxil olduğu həyat yoldaşı İddiaçı1 adına rəsmiləşmişdir. Şükür Cəbrayılov ondan tez-tez sənəddəki texniki səhvi düzəltdirə bilib-bilmədiyini soruşurmuş. O da ona demişdir ki, bəli, sənəddəki texniki səhvi düzəldiblər və ona təhvil veriblər. Şükür Cəbrayılov təxminən 1-2 gündən sonra onlara gəlmiş və demişdir ki, sənədi versin baxsın və həm də lazımı adamlara göstərsin, əgər sənəd qaydasındadırsa, torpağı ona satsınlar. O, Şükür Cəbrayılova demişdir ki, torpağa nə qədər pul vermək fikirindədir. Çünki, Şükür Cəbrayılovla aralarında ona qədər torpağın qiyməti müəyyənləşməmişdir və o, torpağa nə qədər pul verəcəyini ona deməmişdir. O da Ş.Cəbrayılova demişdir ki, onların torpağının faktiki və real bazar qiyməti bir sotu 2500-3000 manat arasındadır. Şükür Cəbrayılov da ona demişdir ki, həmin 0,05 ha torpağa, ona 10000 manat pul verəcəkdir. O da Ş.Cəbrayılovun qohum olduğunu nəzərə alıb, fikrini qətiləşdirmiş və ona satacağına qərar vermişdir. Şükür Cəbrayılov əl uzadıb onunla razılaşmış və ona təşəkkürünü bildirmişdir. Elə həmin vaxt ona demişdir ki, sənədləri versin, aparıb baxdırsın və sonra gətirsin. Həm də pul düzəldər və sonra alqı-satqıya etməyə gedərlər. O, torpağın sənədlərini gətirib Şükür Cəbrayılova vermişdir. Şükür Cəbrayılov sənədləri onlardan götürüb getmişdir. Təxminən 3-4 gün keçəndən sonra Şükür Cəbrayılov onlara gəlmiş və demişdir ki, torpağın sənədlərində yenə qüsur, yəni texniki səhv var, gərək o, mütləq düzəlsin. O soruşmuşdur ki, nə səhv var, Şükür Cəbrayılov da ona nəsə demişdir, dediyi söz yadında qalmamışdır. Şükür Cəbrayılov ona demişdir ki, problem yoxdur, özü üstünə düşüb sənədlərdə çatışmayan texniki səhvləri düzəltdirəcəkdir. Qohumu olduğu üçün ona çox inanırdı. Şükür Cəbrayılov onlardan çıxıb getmişdir. Bir neçə gündən sonra onlara gəlmiş və demişdir ki, yoldaşı etibarnamə verməlidir və etibarnamə verəndən sonra çatışmayan sənədləri və texniki səhvi düzəltdirəcəkdir. Şükür Cəbrayılov 21-22 iyul 2017-ci ildə ona bildirmişdir ki, notariat kontoruna gedib sənədləri hazırlamışdır və sonra yoldaşı gəlsin və tez etibarnamə versin, orada daha çox gözləməsin. Şükür Cəbrayılov yoldaşının şəxsiyyət vəsiqəsini ondan tələb etmiş və o da yoldaşının şəxsiyyət vəsiqəsini evdən götürüb ona vermişdir. Aradan 40-50 dəqiqə keçəndən sonra Şükür Cəbrayılov gəlmiş və onun maşını ilə o və yoldaşı notariat ofisinə getmişlər, yoldaşı notariat ofisində sənəd yığmaq üçün, Şükür Cəbrayılova hazır yazılmış etibarnaməyə imza etmişdir. Yoldaşının notariusda ofisində olmağı və etibarnaməyə imza etməyi maksimum 1-2 dəqiqə çəkmişdir. O gündən bəri Şükür Cəbrayılov hər dəfə deyirmiş ki, sənədləri tam qaydasına qoysun, sonra, alqısatqı edərlər və pulunu verəcəkdir. O da qohum olduğu üçün və pula ehtiyacı olmadığı üçün bu işin üstünə düşməmişdir. Fikirləşirmiş ki, qohumdur və sənədi qaydasına qoyacaq və notariat qaydasında onunla alqı-satqı edəcək və pulunu verəcəkdir. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında Şükür Cəbrayılov yenə onlara gəlmiş və demişdir ki, “sənədlər düzələcək, darıxmasınlar, hazır olan kimi alqı-satqı edəcəklər və onun 10000 (on min) manatını ödəyəcəkdir”. Təxminən 5-6 gün bundan əvvəl Şükür Cəbrayılov, ona demişdir ki, sənədlər qaydasında olan kimi ona xəbər edəcəkdir. Şükür Cəbrayılov yoldaşının adına su sayğacı qoydurmaq istədiyini bildirmişdir. Həmin günlərdə su işçiləri gəlib su sayğacını quraşdırmışlar. Onlar getdikdən sonra axşam, su sayğacına baxış keçirmiş və sayğacın 690113 nömrəsini götürmüşdür ki, su sayğacının yoldaşının adına quraşdırılıb-quraşdırılmadığını görsün. İnternetdə yoxlayan zaman ona məlum oldu ki, həmin su sayğacının nömrəsi Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsusdur və - 250,99 manat borc göstərir. Bu hadisə onu çox narahat etmiş, ürəyində Şükür Cəbrayılova qarşı çoxlu şübhələr oyatmışdır və Şükür Cəbrayılovla telefonla danışmış, ancaq bu barədə ona heç nə deməmişdir. Yalnız torpaq barəsində ona demişdir ki, torpağın orijinal sənədlərini gətirib özünə qaytarsın. Şükür Cəbrayılov ilk dəfə 23 dekabrda demişdir ki, "narahat olmasın, o, 28 iyulda, 2017-ci ildə, Ağdaş rayon Notariat kontorunda torpağı öz həyat yoldaşı Əntiqənin adına onun yoldaşının adından alqı-satqı etmişdir. O bu sözdən qəzəblənmiş, telefonda ona acıqlanmış və bu işdən çox narahat olmuşdur. Ona görə də 24 dekabr 2020-ci ildə təxminən saat 9:44-də Cavabdeh ünvanına məktub göndərmişdir. Birgə nikah dövründə əldə etdiyi torpağın satılmasına razılıq ərizəsi yazmamış, heç kimə torpaq satmamış və heç kimdən, o cümlədən, Şükür Cəbrayılovdan pul almamışdır. Ağdaş rayon Notariat kontorunda aparılan notariat əməliyyatı qanunsuz və əsassızdır. Notariat işi maddi və prosessual hüquq normalarının pozulması ilə aparılmışdır. ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi 2017-ci ildə DƏDRX-də yoldaşı İddiaçı1 adına qeydə alınmışdır. Həmin torpağı birgə nikah dövründə əldə etmişlər. Göstərilənlərə əsasən məhkəmədən 28 iyul 2017-ci il tarixdə, Ağdaş rayon Notariat kontorunda İddiaçı1 əvəzinə X2 və Cavabdeh ilə imzalanmış, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin (daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN-İ № 0625168, 28.07.2017) alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə Cavabdeh verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 (eyni zamanda digər iddiaçının nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Şükür Cəbrayılov onun tanışıdır. Ş.Cəbrayılov ondan qapını rəngləməyi xahiş etmişdir. O da qardaşı Rövşən Cabbarovla birlikdə qapını rəngləmişdir. Daha sonra Ş.Cəbrayılov ondan çəpər hörə bilib-bilməməsini soruşmuş, o da hörə biləcəyini bildirmişdir. Həmin vaxt İddiaçı2 da orada görüb, tanımışdır. Orada 8 gün işləmişlər. Həyətdə hörülmüş çəpərin fundamentini də özləri qazmışlar. Orada olarkən Şükür Cəbrayılovun torpağı İddiaçı2 5000 manata aldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 10.07.2012-ci il tarixli, AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 Ağdaş şəhəri, F.Səfərov küşəsi 35 ünvanında qediyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 06.05.2019-cu il tarixli, AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 Ağdaş şəhəri, F.Səfərov küşəsi 35 ünvanında qediyyatdadır. İşin materiallarında olan 22.07.2017-ci il tarixli, ƏN-İ seriyalı 662161 saylı etibarnamədən görünür ki, etibarnamə üzrə X1 2 ay müddətinə İddiaçı1 adından çıxış etməyi, imza etməyi, ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İşin materiallarında olan İddiaçı2 Notariat kontorunda verdiyi ərizədən görünür ki, İddiaçı2 arvadı İddiaçı1 məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsinin satılmasına razılıq vermişdir. İşin materiallarında olan 28.07.2017-ci il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 ona məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsini alıcı Cavabdeh satmışdır. İddiaçı1 əvəzinə Ağdaş aryon Notariat kontorunda 22.07.2017-ci il tarixdə verilmiş 4005 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X2 imza etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçılar onların birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini həqiqətən də satmaq niyyətlərinin olmasını bildirirlər. Lakin onlar qarşı tərəflə razılaşdırılmış vəsaitin onlara ödənilmədiyini iddia edirlər və buna görə də tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar alqı-satqı müqaviləsi üzrə vəsaitin onlara ödənilmədiyini bildirsələr də, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı2 torpağın satılmasına öz razılığını bildirmiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pul vəsaitinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmamış, hazırda 4 ildən sonra iddiaçılar pul vəsaitinin onlara ödənilmədiyini iddia edərək müqavilənin ləğvini məhkəmədən xahiş etsələr də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş heç bir əsas mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar