Məhkəmə qərarları › İş №2(014)-1185/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1185/2022

03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1185/2022 03.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə 29 dekabr 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirərək evlənərək birgə yaşamışlar. Birgə nikahlarından 07 mart 2016-cı il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlar ailə münasibətləri yaxşı olsa da, son vaxtlar ailə münasibətləri pozulmuşdur. Ailədə bir-birlərini başa düşə bilmirlər və aralarında tez-tez mübahisələr baş verir. Cavabdeh ona arvadı kimi hörmət etmir. Ailəsinə baxmır. Bu kimi digər hərəkətlər ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Cavabdeh azyaşlı uşağın saxlanılması üçün könüllü aliment ödəməkdən imtina edir. Uşaq azyaşlı olduğundan və qulluğa ehtiyacı olduğundan heç bir yerdə işləmir. Alimentə ehtiyacı vardır. Cavabdeh ilə birgə nikahlarından 07 mart 2016-cı ildə doğulmuş övladları X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat məbləğində alimentin xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, Cavabdeh qazancı az olmasına baxmayaraq, əvvəlki nikahından dünyaya gəlmiş övladı üçün də aliment ödəyir. Hazırda qızı X4 üçün də hər ay 100 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2015-ci il tarixli, AZ-İİ seriyalı, 088044 saylı nikan haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 29 dekabr 2015-ci il tarixdə 304 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Ağzıbir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 693150 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 07 mart 2016-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 29 dekabr 2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Hal-hazırda iddiaçı uşağın saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 23 iyun 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 23 iyun 2022-ci il tarixdən başlayaraq, 07 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1800 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 iyun 2022-ci il tarixdən başlayaraq, 07 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar