Məhkəmə qərarları › İş №2(014)-1199/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1199/2024

17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1199/2024 17.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından xx.xx.2024-cü ildə anadan olmuş X1 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində alimentin, həmçinin Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X2 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə nhəyatı qurub, birgə nikaha daxil olmaqla nikahlarını xx.xx.2023-cü il tarixdə 211 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2024-cü ildə X3 adlı övladları anadan olmuşdur. Cavabdehlə evlənəndən sonra bir müddət birgə mehriban yaşamışlar. Lakin buna baxmayaraq ailə münasibətləri cavabdehin ucbatından pozulmuşdur. Cavabdeh onu valideynlərinin yaşadığı ünvana qonaq adı ilə apardıqdan sonra ona evlərinə qayıtmamağı, artıq onunla yaşamaq istəmədiyini bildirmişdir. Həmçinin cavabdeh övladı ilə də maraqlanmır, ona baxmır, ehtiyacları ilə maraqlanmır. Hazırda Cavabdeh ilə aralarında qeyd edilmiş nikah və ailə münasibətləri faktiki pozulmuş, ailələri faktiki olaraq mövcud deyildir və o valideynlərinin himayəsində yaşayır. Övladına isə valideynlərinin köməyi ilə baxır. Cavabdeh övladına baxmır və könüllü aliment ödəməkdən yayınır. Odur ki, uşağın saxlanılması üçün qanunla nəzərdə tutululmuş məbləğdə aliment kəsilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, övladı vaxtından əvvəl dünyaya gəldiyindən səhhətində problemlər var, mütəmadi müalicə alır. O, özü müəllimə işləyib, əlilliyə görə təqaüd alsa da uşağın ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh övladının çox az ehtiyaclarını qarşılayır. Ona görə də cavabdehdən hər ay 235 manat məbləğində alimentin, həmçinin xx.xx.2024-cü ildə doğulmuş X2 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən tələb edilən aliment ilə razı deyil. Övladının saxlanılması üçün 150 manat məbləğində aliment verməyə gücü çatır. İddiaçı özü iki məktəbdə müəllimə işləyir, əlavə olaraq da təqaüd alır, lakin onun rəsmi iş yeri yoxdur, bərbərlik edir. Buna görə də iddiaçının iddasının qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-Q-946/2024 saylı arayışdan məlum olur ki, Cavabdeh ilə X4 arasında Ağdaş rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 211 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 979051 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan ARİHB-nın Ərəbocağı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-32-12/2-211/2024 saylı arayışdan məlum olur ki, İddiaçı hal-hazırda təsərrüfatbaşına uçot kitabına əsasən Ağdaş rayon Ərəbocağı kəndində qeydiyyatdadır və yaşayır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT035-2024-0519 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2024-cü ildə anadan olmuş X3 adlı bir övladları anadan olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaq anasının himayəsində qalmışdır. İddiaçı iddia vermiş, özünə və uşağına görə aliment tutulmasını tələb edir. Beləliklə, məhkəmə İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2024-cü ildə anadan olmuş X3 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində alimentin tutulması tələbinə münasibətdə uşağın mənafelərini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 24 aprel 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddia tələbinin Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X2 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair hissəsində qeyd edir ki, iddiaçı cavabdehin sözügedən aliment ödəmək iqtidarında olduğunu iddia etsə də, cavabdehin gəlirlərinə dair heç bir sübut məhkəməyə təqdim olunmamış, məhkəmə iclasında da cavabdehin heç yerdə işləmədiyi və zəruri maddi vəsaitə malik olmadığı, iddiaçının ali təhsilli olmaqla iki məktəbdə müəllimə işləməsi, əlavə olaraq da təqaüd alması məlum olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Həmçinin məhkəmə qeyd edir ki, ər-arvad ailənin bərabər hüquqlu üzvləridir və onlardan biri digərinin əmlak vəziyyətini pisləşdirə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən azyaşlı uşağının saxlanılması üçün iddiaçıya hər ay 180 manat ödəniləcəyindən və hazırki iddianın uşaq 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin təmin olunması hissəsi uşağın təminatının səviyyəsinin azalmasına səbəb ola bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək və qanunun yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X2 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Eyni zamanda məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 41,60 (qırx bir manat, altmış qəpik) dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 41,60 (qırx bir manat, altmış qəpik) dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar