Məhkəmə qərarları › İş №2(014)-1326/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1326/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1326/2024 21.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X3 və X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildə ailə həyatı qurub, birgə nikaha daxil olmaqla nikahlarını xx.xx.2010-cu il tarixdə Ağdaş rayon Şəmsabad kənd İcra nümayəndəliyində 18 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabdehlə evlənəndən sonra bir müddət birgə mehriban yaşamışlar. Lakin cavabdeh bir müddət sonra onu və iki övladını qoyub evi tərk etmişdir. Hazırda övladları onun himayəsindədir və cavabdehdən ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh bircə dəfədə olsa uşaqları ilə maraqlanmamış, övladlarına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladları qayınatasının himayəsindədir. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Övladlarının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var. Buna görə də uşaqların saxlanılması üçün qanunla nəzərdə tutulmuş məbləğdə aliment kəsilməsini xahiş etmişdir. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sessiyasında iştirak etmişdirlər. Ancaq cavabdehlə razılığa gəlmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, iki övladı üçün aliment istəyir. Övladlarından biri 7-ci sinifdə, digəri isə 8 ci sinifdə oxuyurlar. Əlavə məşğuliyyətləri yoxdur. Cavabdeh Şamaxıda anbarda fəhlə işləyir. Ağdaş rayon Bulaqotağı kəndində nikahları pozulmadan başqa bir qadın ilə qeyri rəsmi yaşayır və həmin qadından övladı yoxdur. Cavabdeh onun uşaqları ilə ümumiyyətlə maraqlanmır. Özü heç bir yerdə işləmir, uşaqlarına ərinin valideynləri baxır, uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT 00450/2024 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. İşin materiallarında olan xx.xx.2012-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 013378 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X2r. İşin materiallarında olan xx.xx.2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 608309 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X2r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anası İddiaçı himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşaqlarının saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 21 avqust 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə münasib olaraq 60.80 (altmış manat, səksən qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 60.80 (altmış manat, səksən qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar