Məhkəmə qərarları › İş №2(014)-1441/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1441/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1441/2025 06.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X8 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 10 avqust 2010-cu il təvəllüdlü X6, 06 fevral 2013-cü il təvəllüdlü X4 və 12 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul misli həddində sabit pul məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərindən 10 avqust 2010-cu il təvəllüdlü X6, 06 fevral 2013-cü il təvəllüdlü X4 və 12 avqust 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Evləndikdən sonra cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət yaradaraq, evdə gərginlik yaradır, bu da onların münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Ər-arvad münasibətləri faktiki olaraq pozulmuş, hazırda formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və barışmaları mümkün deyildir. Birgə nikahlarından doğulmuş övladları onun yanında qalır. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının qeydinə qalmır. Nə birgə yaşadıqları, nə də ayrı yaşadıqları dövrdə cavabdeh bir ata kimi uşaqların səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmayıb, onun heç bir ehtiyacını ödəməmişdir. Bu vaxt ərzində uşaqların necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamışdır. O, uşaqları saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etmir. Hal-hazırda uşaqların bütün maddi xərclərini valideynləri çəkir və onların himayəsində yaşayır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, atası xəstə olduğundan və Bakı şəhərində yaşadığından məhkəmənin baxışı iclasına gələ bilmir. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, AZ-T № 054698 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Ağdaş rayon Qeydiyyat şöbəsində 15 yanvar 2009-cu il tarixdə 12 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Abdullayeva soyadı verilmişdir. Ağdaş rayonu Yuxarı Ləki İcra nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, AZ-T № 244693 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 avqust 2010-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Ağdaş rayonu Yuxarı Ləki İcra nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, AZ-T № 244695 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 fevral 2013-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Ağdaş rayonu Yuxarı Ləki İcra nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, AZ-T № 244694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 2 avqust 2009-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 07 may 2025-ci il tarixli, MŞQ/MT035-246 saylı arayışın surətindən görünür ki, “aliment” tələbinin mübahisələndirilməsi üzrə 24 iyun 2024-cü il tarixdə saat 10:00-da keçirilmiş mediasiya prosesində İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İMS xərci olan 50 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 15 yanvar 2009-cu il tarixdə 12 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Onların birgə nikah münasibətlərindən 10 avqust 2010-cu il təvəllüdlü X6, 06 fevral 2013-cü il təvəllüdlü X4 və 12 avqust 2009-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki ayrı yaşayırlar və uşaqlar anasının himayəsindədir. Cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi yardım etmir. Hazırda iddiaçı uşaqların saxlanılmaları üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü tarixli, 15 nömrəli qərarı ilə əlavə edilmiş 8.4-1 yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Yuxarıda adı çəkilən qərara dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 2025-ci il yanvar ayının 01-dən qüvvəyə minmiş “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin minimum əmək haqqının 0,70 misli həddində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd edilənləri, eləcə də 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay minimum əmək haqqının 0,70 misli həddində alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməlidir. Məhkəmə, Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 12 avqust 2009-cu il təvəllüdlü X7, 10 avqust 2010-cu il təvəllüdlü X6, 06 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 19 iyun 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Qanunun 3-cü və 28.1-ci maddələrinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 5760 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 77,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 avqust 2009-cu il təvəllüdlü X7, 10 avqust 2010-cu il təvəllüdlü X6, 06 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. X2 keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 77,60 (yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar