Məhkəmə qərarları › İş №2(014)-1468/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1468/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1468/2022 07.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2014-cü ildə Ağdaş rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydə aldırmışlar. Bu barədə eyni tarixdə həmin orqanda 203 saylı nikah qeydi aparılmışdır. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı üç uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olmuş, aralarında heç bir problem olmamışdır. Lakin sonradan Elnurun xasiyyəti və xarakteri səbəbindən aralarında narazılıqlar baş verməyə başlamış və faktiki ayrılmışlar. Ayrıldıqları vaxtdan uşaqlar onun himayəsindən qalmışdır. Tərəfindən aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-1163/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh onun xeyrinə xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2021-ci ilin oktyabr ayında cavabdehlə yenidən barışaraq birgə yaşamağa başlamışlar, həmin müddətdə X5 adlı uşaqları dünyaya gəlmişdir. Sonradan yenidən Elnurla aralarında problemlər yaranmış və hal-hazırda faktiki olaraq ayrılmışlar və o, övladları ilə birgə valideynlərinin yanında yaşayır. Hal-hazırda heç bir yerdə işləmir, körpə uşağa baxmağı ilə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyəti yoxdur. Tərəfindən aralarındakı münasibətin Mediasiya ilə həlli təklif edilmiş və mübahisə üzrə xx.xx.2022-ci il tarixdə saat 11:00-da ilkin mediasiya prosesi keçirilmiş, lakin cavabdehin mediasiya prosesindən imtina etməsi səbəbindən əlavə mediasiya prosesi baş tutmamış, yaranmış mübahisənin həlli üçün tərəflərindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Buna görə də Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 19 iyun 2022-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 193 manatdan az olmamaqla alimentin, həmçinin uşağın 3 yaşının tamam olduğu xx.xx.2025-ci ilədək özünə görə hər ay cavabdehdən hazırda əhali üçün müəyyən olunmuş yaşayış minimumu həddində, yəni 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə məcburi qaydada alınıb verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, Bakı şəhərində kirayədə yaşadığını, idmançı olduğunu, tələbə hazırladığını, rəsmi iş yerinin olmadığını, iki uşaq üçün müəyyən edilmiş 260 manat məbləğində alimenti vaxtlı-vaxtında ödədiyini, lakin əlavə aliment ödəmək üçün maddi imkanın olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 02 avqust 2014-cü ildə rəsmi nikaha girmişlər, X7 “Şavəddinova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli 659/00355 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1163/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 05 avqust 1992-ci il tarixdə Ağdaş rayon, Yuxarı Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Yuxarı Qəsil kəndində yaşayan Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçının xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 24 avqust 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 1800 manata uyğun olaraq 35.60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 35.60 manat (otuz beş manat altmış qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar