Məhkəmə qərarları › İş №2(014)-1525/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1525/2022

19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1525/2022 19.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları 18 mart 2020-ci il tarixdə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 185 nömrəli nikah akt qeydi ilə aparılmış və nikah haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 30 oktyabr 2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Evliliklərinin ilk vaxtlarında mehriban yaşamışlar, amma bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışdır. O, işləsə də ailəsinin və uşağının taleyi ilə maraqlanmır, amma yenə də bunların keçici məsələlər olduğunu, keçəcəyini düşünürdü. Lakin sonradan aydın oldu ki, bu artıq ond xasiyyət kimi formalaşıb. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının qeydinə qalmır. Buna görə də yetkinlik yaşına çatmayan 30 oktyabr 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat olmaqla alimentin azyaşlı oğlu Nofərin 3 yaşınadək zəruri olan 150 manat məbləğində alimentin, Mediasiya üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul edərək, Cavabdeh anası olduğunu, oğlunun hərbiçi olduğunu, 150 manat məbləğində aliment verməyə etirazlarının olmadığını bildirdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X1 ilə 18 mart 2020-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikahlarını 185 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər, X1 “Bilalova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 30 oktyabr 2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli, GM-00055 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 sentyabr 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə 30 oktyabr 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalı, aliment tələbi qalan hissədə rədd edilməli, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 1800 manata uyğun olaraq 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2022-ci il tarixdən başlayaraq 30 oktyabr 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh mediasiya üçün ödənilmiş 50 (əlli) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 38 manat (otuz səkkiz) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar