Məhkəmə qərarları › İş №2(014)-1617/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1617/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1617/2024 28.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş 19 aprel 2023-cü il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat məbləğində alimentin, 19 aprel 2023-cü il tarixdə doğulmuş həmin uşağın 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 270 manat alimentin və mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, 19 aprel 2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 270 manat alimentin tutulmasını qeyd etmişdir. Hal-hazırda həmin hissənin həcminin azaldılmasını yəni, həmin hissədə 50 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşlar. Nikahlarını 8 avqust 2023-cü il tarixdə 2 saylı X7 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları 19 aprel 2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə bir neçə dəfə aralarında ailə mübahisəsi yaranmış və faktiki olaraq ayrılmış, lakin sonradan barışaraq ailələrini bərpa etsələr də, 2024-cü ilin mart ayının əvvəlində faktiki olaraq yenidən ayrılmışlar. Cavabdehlə ayrıldıqları vaxtdan uşaq onun himayəsində qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra o əvvəllər olduğu kimi uşağın saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaq azyaşlı və xəstə olduğundan mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacı olduğu üçün maddi yardıma ehtiyacı var. Cavabdeh Qarabağ İqtisadi rayonunda işləməsinə və aylıq gəliri yüksək olmasına baxmayaraq uşağın saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. Uşaq körpə və anadangəlmə xəstə olduğuna, daima qulluğa ehtiyacı olduğuna görə heç bir yerdə işləyə bilmir. Cavabdeh bütün bunları bildiyi halda bir valideyn kimi uşağın saxlanılmasında və sağlam böyüməsində iştirak etməkdən boyun qaçırır. “Mediasiya haqqında” AR Qanununa əsasən uşağın saxlanılması üçün aliment tələbi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin mediasiya sessiaysında aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, kirayədə yaşayır, uşağı körpə olduğundan heç bir yerdə işləmir, ona görə də cavabdehdən hər ay 235 manat məbləğində alimentin, həmçinin 19 aprel 2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay 50 manat məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına 31 oktyabr 2024-cü il tarixdə ərizə verərək bildirdi ki, İddiaçı tərəfindən tələb edilən 235 manat alimenti ödəməyə və uşağın 3 yaşınadək saxlanılması üçün 50 manat baxım pulu ödəməyə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan 2 saylı X7 xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2023-cü il tarixli AZ-İİ 554511 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikahın bağlanması haqqında 08 avqust 2023-cü il tarixdə 655 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan xx.xx.2024-cü il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 939290 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 19 aprel 2023-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, 00100 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını 08 avqust 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 aprel 2023-cü il təvəllüdlü X3 adlı bir övladları anadan olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaq anasının himayəsində qalmışdır. İddiaçı iddia vermiş, özünə və uşağına görə aliment tutulmasını tələb edir. Cavabdeh ərizə verərək övladının saxlanılması üçün iddiaçı tərəfindən 235 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini və uşağın 3 yaşına çatana kimi qulluğa görə 50 manat baxım pulu verəcəyini bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli İddiaçı ilə Cavabdeh birgə nikahlarından 19 aprel 2023-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 07 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddia tələbinin Cavabdeh 19 aprel 2023-cü il təvəllüdlü X3 doğulduğu gündən üç il ərzində hər ay 50 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı və cavabdeh arasında iddianın bu hissəsinə münasibətdə razılıq əldə olduğundan iddia həmin hissədə təmin edilməli və 19 aprel 2023cü il təvəllüdlü X3 3 yaşına çatana kimi, yəni 19 aprel 2026-ci il tarixədək Cavabdeh hər ay 50 manat tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Həmçinin məhkəmə qeyd edir ki, ər-arvad ailənin bərabər hüquqlu üzvləridir və onlardan biri digərinin əmlak vəziyyətini pisləşdirə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Eyni zamanda məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 54 (əlli dörd) manat 20 (iyirmi) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 07 oktyabr 2024-cü il tarixdən başlayaraq 19 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 19 aprel 2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi, yəni 19 aprel 2026-ci il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat tutularaq İddiaçı verilsin. İddianın alimentin təmin edilmiş hissəsinə mütənasib olaraq 54 (əlli dörd) manat 20 (iyirmi) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddiaçının mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar