Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1618/2023 06.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabiri Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.1992-ci ildə İddiaçı ilə X1 birgə nikahından doğulmuşdur. Həmin vaxtdan onların ailəsində yaşamış, böyüyüb boya başa çatmışdır. Cavabdeh yetkinlik yaşına çatanadək də bütün ehtiyacları iddiaçı tərəfindən qarşılanmışdır. Univeristetə qəbul olunmuş, tərəfindən tələbə olduğu zamanda bütün ehtiyacları qarşılanmışdır. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətlərimiz normal olub, aralarında heç bir problem olmamışdır. Lakin xeyli müddətdir ki, səhhəti və yaşı ilə bağlı işləyə bilmir, əmək qabiliyyətini itirmişdir. Övladı isə onun qayğına qalmaqdan, ehtiyaclarını qarşılamaqdan imtina edərək boyun qaçırır. Bu səbəbdən də aralarında narazılıqlar başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsinə görə cavabdehlə xeyli müddətdir ki, ayrılmışlar. Hazırda cavabdehdən ayrılmış, qohumlarının himayəsindədir. Bu müddət ərzində cavabdeh bircə dəfədə olsa atası ilə maraqlanmamış, atasına heç bir maddi yardım göstərməmişdir. Artıq çox çətinlik çəkir və etiyaclarını qarşılamağa imkanı çatmır. Odur ki övladının ehtiyaclarını qarşılamağına və ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var və buna görədə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sessiyasında iştirak etmişlər. Ancaq cavabdehlə razılığa gəlmək mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh övladı Cavabdeh gündəlik tələbatlarını ödəmək üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 16 iyul 1992-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİ-ЖГ № 404339 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx xxxx 1992-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası İddiaçı, anası isə X2r. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh İddiaçı Cavabdeh oğludur. İddiaçı səhhəti və yaşı ilə əlaqədar əmək qabiliyyətini itirdiyini, cavabdehin, yəni oğlunun ona baxmadığını, onunla maraqlanmadığını iddia edərək cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci bəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci bəndinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, iddiaçı səhhəti və yaşı ilə əlaqədar əmək qabiliyyətini itirdiyini, cavabdehin, yəni oğlunun ona baxmadığını, onunla maraqlanmadığını iddia edərək cavabdehdən aliment tələb etməsinə baxmayaraq, iddiaçı onun fəaliyyət qabiliyyətinin olmamasına və baxımsız olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçının əlilliyi yoxdur və o “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq pensiya yaş həddinə çatmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1618/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1618/2023
06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver