Məhkəmə qərarları › İş №2(014)-1620/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1620/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1620/2022 31.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ildə ailə həyatı qurmuşlar və Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar. Həmin dövrdə münasibətləri normal olub, aralarında heç bir problem olmamışdır. Lakin xeyli müddətdir ki, cavabdehlə aralarında narazılıqlar başlamış, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən o, övladları ilə birgə valideynlərinin himayəsində yaşayır. Övladlarının ehtiyacları valideynləri tərəfindən qarşılanır. Bu müddət ərzində cavabdeh övladları ilə maraqlanmamış, övladlarına heç bir maddi yardım göstərməmişdir. Xeyli müddətdir ki, o, və övladları valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkir və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmir. Özü heç bir yerdə işləmir. Əmək qabiliyyəti məhduddur. Odur ki, övladlarının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var və buna görə də aliment tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Buna görə də Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X4 və X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, usta yanında günü 15 manata fəhlə işlədiyini, bəzən işin olmadığını, buna görə də maddi imkanının yaxşı olmadığını, hər uşağa görə yüz manat məbləğində aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 12 avqust 2010-cu ildə rəsmi nikaha girmişlər, X1 “Rüstəmova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli MŞŞ/1/00830 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 20 sentyabr 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 3120 manata uyğun olaraq 51.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 51 manat 20 qəpik (əlli bir manat, iyirmi qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar