Məhkəmə qərarları › İş №2(014)-1679/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1679/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1679/2025 25.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqları – 22 yanvar 2020-ci il təvəllüdlü X7 və 14 yanvar 2021-ci il təvəllüdlü X5 18 yaşı tamam olana qədər saxlanılması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0.65 misli məbləğində alimentin, həmçinin mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 (əlli) manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 fevral 2020-ci il tarixdə Ağdaş RİHB-nın Yuxarı Ləki İƏD üzrə ərazi nümayəndəliyində 02 saylı nikah aktı qeydi aparılmış və bu nikah haqqında şəhadətnamə verilməklə rəsmiləşdirmişlər.Hal-hazırda rəsmi nikahdadırlar, ailə münasibətləri pozulmamışdır. Birgə nikahlarından– 22 yanvar 2020-ci il təvəllüdlü X7 və 14 yanvar 2021-ci il təvəllüdlü X5 anadan olmuşlar. Evləndikləri vaxtlarda bir-birilərini başa düşüb, mehriban bir cütlük kimi yaşamışlar. Bir müddət keçdikdən sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamış və cavabdehin ona qarşı xəyanətini aşkar etmişdir. Bunu bildikdə cavabdeh ona şiddət göstərməyə və hədə-qorxu gəlməyə başlamışdır. Uşaqları anadan olduqdan sonra o tamamilə onlara qarşı soyuq davranmışdır. Amma o yenə də düşünürdü ki, bunlar ötəri məsələlərdir, yəqin yenə də keçər. Hazırda cavabdeh uşaqlarının qeydinə qalmır. Hesab edir ki, cavabdehdən uşaqların 18 yaşına çatana kimi saxlanılmaları üçün aliment tutulmalıdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, övladlarının saxlanılmaları üçün aliment kəsilməsini xahiş edir. Cavabdehlə dəfələrlə aralarında problem olmuş, valideynlərinin yanına getsə də, yenidən cavabdehlə barışmışdır. Hazırda cavabdeh ilə 3 aydır ki ayrı yaşayırlar. Lakin cavabdeh uşaqlarının sxlanılması üçün ona yardım etmir. İddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 17 sentyabr 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı “hər uşağa görə 260 manat aliment tələbinə” dair iddiasının rədd edilməsinə və birgə nikahlarında olan uşaqların saxlanması üçün hər ay hər uşağa 140 manat olmaqla, ümumilikdə 280 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən aliment tələbinə dair iddia qaldırmışdır. Qeydi edir ki, adıçəkilən şəxslə onlar hazırda faktiki olaraq ayrı yaşayırlar. İddiaçının aliment tələbi ilə bağlı bildirir ki, uşaqlarının valideyni kimi onların maddi təminatında iştirak etmək imkanı yoxdur. Daimi iş yeri və sabit gəliri olmadığından iddiaçı tərəfindən tələb edilən məbləğin onun tərəfindən təmin edilməsi real imkanlarını aşır. Göstərilən məbləğin təmin olunması maddi vəziyyətinin son dərəcə pisləşməyinə gətirib çıxarar. Bu da gələcək dövrlər üçün tərəfindən təmin ediləcək aliment öhdəliyinin icrasında gecikmələrə gətirib çıxarmasına səbəb ola bilər. Buna görə də hazırda hər uşağa görə müəyyən ediləcək aliment miqdarı elə miqdarda təyin edilməlidir ki, sonrakı aylarda aliment ödənilməsinə dair gecikmələrə yol açmasın. Bundan əlavə bildirmək istəyir ki, səhhətində narahatçılıq olduğundan məhkəmədə iştirakı mümkün deyildir. Bu səbəbdən iştirakı olmadan işə baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını nəzərə alıb, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 fevral 2020-ci il tarixli AZ-İİ 369081 saylı Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür, Cavabdeh ilə X3 arasındakı nikah 13 fevral 2020-ci il tarixdə 02 saylı akt qeydi ilə qeydə alınmışdır. 09 iyul 2020-ci il tarixli AZ-İV 453561 Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 22 yanvar 2020-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 12 fevral 2021-ci il tarixli AZ-İV 499593 Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 14 yanvar 2021-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli, 453 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Cavabdeh İMS-də iştirak etməmişdir. İddiaçı İMS xərci olaraq 50 (əlli) manat məbləğində ödəniş etmişdir. Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 5-32-12/2-238/2025 saylı arayışdan görünür ki, İddiaçı Ağdaş rayon Yuxarı Ləki kəndində təsərrüfatbaşına kitabda qeydiyyatdır və hal-hazırda yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 22 yanvar 2020-ci il təvəllüdlü X7 və 14 yanvar 2021-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdehin aralarında olan münasibətlər pozulduğu üçün onlar faktiki ayrılmışlar. Uşaqlar anası İddiaçı himayəsində yaşayırlar. İddiaçı uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 0.65 misli məbləğində aliment tələb edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq uşaqların saxlanılmaları üçün hər ay hər uşağa 140 manat olmaqla, ümumilikdə 280 manat aliment verməyə etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 yanvar 2020-ci il təvəllüdlü X7 və 14 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 04 avqust 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, cavabdehdən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 63.20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçının mediasiya üçün ödədiyi 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 avqust 2025-ci il tarixdən başlayaraq 22 yanvar 2020-ci il təvəllüdlü X7 və 14 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində aliment tutularaq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddiaçının mediasiya üçün ödədiyi 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar