Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1702/2023 20.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabiri Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2018-ci ilin fevral ayında rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Nikahlarını 06 fevral 2019-cu il tarixdə Ağdaş RİHB-nın Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 fevral 2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə 2019-cu ilin oktyabr ayından faktiki olaraq ayrılmışlar və həmin vaxtdan ərarvad münasibətləri kəsilmişdir. Cavabdehlə ayrıldıqları vaxtdan uşaq onun yanında qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra o, uşağın saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaq azyaşlı olduğundan və özü xəstə olduğundan uşağın saxlanılması, mütəmadi olaraq müayinə və müalicəsi üçün maddi yardıma (alimentə) ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşağın saxlanılmasında və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşağın saxlanılmasında qeyd edilən üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. ''Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdehlə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisəyə dair, yəni aliment tələbinə dair mübahisənin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etmək üçün gəlmədiyindən və mübahisəyə münasibət bildirmədiyinə görə cavabdehlə qarşılıqlı razılaşma olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün almadığına görə alimentin tutulması ilə bağlı aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehdən alimentin tutulması müddəti mediasiya prosesinin başlandığı gündən, yəni 29 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən Cavabdeh mediasiya işinə başladığı gündən, yəni 28 avqust 2023cü il tarixdən başlayaraq tərəflərin rəsmi nikahlarından doğulmuş 15 fevral 2019-cu il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh Rusiyada yaşayırdı. Əvvəl iki dəfə uşaq üçün pul göndərmiş, sonradan uşaqla maraqlanmamış və ehtiyaclarını qarşılmaq üçün maddi yardım göstərməmişdir. Hazırda cavabdeh Rusiyadan qayıtmış və Bakı şəhərində baş aşpaz olaraq çalışır. Gündəlik gəliri 30-50 manat civarında olur. Lakin cavabdeh gəlirinin yüksək olmasına baxmayaraq uşağın saxlanılmasına heç bir maddi yardım göstərmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 06 fevral 2019-cu il tarixdə Ağdaş RİHB-nın Yuxarı Ləki İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 313059 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh X2 ilə 06 fevral 2019-cu il tarixdə 02 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan 16 aprel 2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 256366 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 15 fevral 2019-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından bir uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 15 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 06 oktyabr 2023-cü il tarixdən başlayaraq, 15 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1920 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 39,20 (otuz doqquz manat, iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2023-cü il tarixdən başlayaraq 15 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Cavabdeh 39,20 (otuz doqquz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1702/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1702/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver