Məhkəmə qərarları › İş №2(014)-1755/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1755/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1755/2023 12.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh birgə nikahlarından 30 aprel 2013-cü il tarixdə doğulmuş Aynişan, 06 may 2014-cü il tarixdə doğulmuş Ayan adlı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün 220 manat, cəmi 440 manat məbləğində alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 noyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 30 aprel 2013-cü il tarixdə doğulmuş Aynişan, 06 may 2014-cü il tarixdə doğulmuş Ayan adlı iki uşaqları vardır və uşaqlar hazırda onun himayəsindədirlər. Cavabdehlə bir neçə dəfə mübahisələri olub, lakin uşaqlara görə hər şeyi bağışlamış, barışıb biryerdə yaşamağa davam etmişlər. Lakin cavabdeh yenə də ona və övladlarına baxmaqdan imtina etdiyinə görə bir müddətdir ki, faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan azyaşlı uşaqları ilə brlikdə atasının evində yaşayır. Cavabdeh ayrıldıqları vaxtdan uşaqları ilə maraqlanmamış, onların saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. Cavabdehin daimi iş yeri olmasa da fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və qazancı kifayət qədər çoxdur. Lakin buna baxmayaraq cavabdeh azyaşlı uşaqlarının saxlanılması üçün könüllü olaraq vəsait ödəməkdən imtina edir. Uşaqlar azyaşlı olduqlarından və daima qulluğa ehtiyacları olduğundan, özü də heç bir yerdə işləmədiyindən maddi vəsaitə, yəni ailmentə ehtiyacı vardır. Ona görə də cavabdehdən məhkəmə qaydasında uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində ödənilməklə aliment tələb edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, maddi ehtiyac üzündən qızıllarını satmışdır. Sentyabr ayı girəndən uşaqların ehtiyacları çoxalıb, uşaqlara pal-paltar almaq, yolxərci və sairəyə nə qədər pul lazımdır. Bütün bunları qarşılamaq üçün evdə tort, qovurğa bişirib satır, lakin yenə də uşaqların ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh 12 ildir ki, onu qoyub gedib Bakıda yaşayır və orada işləyir. Lakin bu müddət ərzində cavabdeh ona, hələ biryerdə yaşadıqları vaxtlarda axırıncı dəfə cəmi 300 manat pul göndərmişdir. Ondan sonra cavabdeh uşaqlarına nə mənəvi və nə maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Cavabdeh hətta Ağdaşa gələndə bir dəfə olsun gəlib uşaqlarını görmək belə istəməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçının qeyd etdiyi kimi, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir, o, qanuni işçidir, ayda 354 manat maaş alır, başqa heç bir gəliri yoxdur. Əgər iddiaçının dediyi kimi imkanı olsaydı dişlərini düzəltdirərdi, ağzında sağlam yoxdur. İddiaçı keçən ildən evdə tort və sair bişirib satmağa başlamış, sonra isə qardaşı arvadı onu işə düzəltmişdir. Əvvəllər iddiaçının dediyi kimi işi yaxşı idi, lakin pandemiyadan sonra zəiflədi. İddiaçı uşaqları ona göstərmir. Onun qardaşı qazidir, anası onkoloji xəstədir. İddiaçıya uşaqların saxlanılması üçün hər ay cəmi 140 manat aliment verə bilər. Odur ki, bütün bunları nəzərə alaraq iddianın qismən təmin edilməsi, yəni uşaqlar üçün hər ay cəmi 140 manat aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 15 noyabr 2011-ci il tarixdə Ağdaş rayon İHB-nın Ləki qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 714738 saylı nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 15 noyabr 2011-ci il tarixdə 34 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2013-cü il tarixdə 412 № ilə akt qeydə alınmış, AZ-İİİ № 841748 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 30 aprel 2013-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyun 2013-cü il tarixdə 504 № ilə akt qeydə alınmış, AZ-İİİ № 841747 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 06 may 2014-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş 27 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh fərdi sahibkar X4 (VÖEN **********) məxsus plastic qapı-pəncərə sexində usta peşəsində çalışır. Elektron Məhkəmə Portalından əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh 345.0 manat əməkhaqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 15 noyabr 2011-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya heç bir maddi yardım etmir. Buna görə də hal-hazırda iddiaçı uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh X2 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (yüz qırx) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 19 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İşdən isə göründüyü kimi iddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, tərəflər hal-hazırda rəsmi nikah münasibətindədirlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 19 oktyabr 2023-cü il tarixdən başlayaraq, 30 aprel 2013-cü il tarixdə doğulmuş X2 və 06 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 3360 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 53 manat 60 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 oktyabr 2023-cü il tarixdən başlayaraq, 30 aprel 2013-cü il tarixdə doğulmuş X2 və 06 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 53 (əlli üç) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar