Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1767/2021 18.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 19 oktyabr 2012-ci il tarixdə rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 26 may 2013-cü ildə X3 və 11 sentyabr 2014-cü ildə X4 anadan olmuşlar. 26 may 2013-cü ildə anadan olan X3 onun yanında qalmış, hal-hazırda da onun himayəsindədir. 11 sentyabr 2014-cü ildə anadan olmuş X4 isə anasının himayəsində qalmışdır. Böyük oğlu xəstə olduğu üçün o, oğlunun müalicəsinin xərclərini ödəyir. Cavabdeh ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət edib. Ağdaş Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan 240 manat alimentin tutulması qət edilib. O, xəstə olan uşağını müalicə etdirir və cavabdehə bildirir ki, alimenti geri götürsün və o, uşağın müalicəsini etdirsin. Lakin cavabdeh onun sözünə məhəl qoymadan həm onun yanında qalan, həm də öz yanında qalan uşaqlara görə icra şöbəsindən aliment tələb edir. Bu səbəbdən də onun yanında qalan 26 may 2013-cü ildə anadan olan X1 cavabdehdən aliment tələb etməkdə israrlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli, 2(014)-657/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Ağdaş rayon Qolqəti kənd icra nümayəndəliyində 19 iyul 2012-ci ildə 10 № ilə qeyd edilmiş nikahın pozulması, 26 may 2013-cü ildə anadan olmuş X3 və 11 sentyabr 2014-cü ildə anadan olmuş X2 anaları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(014)- 747/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı 12 may 2020-ci il tarixdən başlayaraq 26 may 2013-cü ildə anadan olmuş X3 və 11 sentyabr 2014-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(014)- 1075/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 26 may 2013-cü ildə anadan olmuş X3 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Ağdaş Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli, 2(014)-657/2020 saylı qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh arasında bağlanmış Ağdaş rayon Qolqəti kənd icra nümayəndəliyində 19 iyul 2012-ci ildə 10 № ilə qeyd edilmiş nikah pozulmuş, 26 may 2013-cü ildə anadan olmuş X3 və 11 sentyabr 2014-cü ildə anadan olmuş X2 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(014)- 747/2020 saylı qətnaməsinə əsasən İddiaçı 12 may 2020-ci il tarixdən başlayaraq 26 may 2013-cü ildə anadan olmuş X3 və 11 sentyabr 2014-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(014)-1075/2021 saylı qətnaməsinə əsasən 26 may 2013-cü ildə anadan olmuş X3 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. Eyni zamanda digər uşağın saxlanılması üçün cavabdehə aliment ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, tərəflərin birgə nikahından anadan olmuş 2 övladının biri atanın yanında, digəri isə ananın yanında saxlanıldığından hər bir valideyn öz himayəsində olan uşağın saxlanması üçün bərabər öhdəlik daşıyırlar. Cavabdeh iddiası üzrə məhkəmə qətnaməsi əsasında İddiaçı aliment tutulması, onun formal əsaslarla eyni tələblə Cavabdeh qarşı aliment tələb etməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı ondan qarşılıqlı olaraq alimentin tutulmamalı olduğunu hesab edirsə, bu barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı halda isə alimentin tutulmasına dair yekun məhkəmə aktı qəbul ediləcəyi təqdirdə, alimentin tərəflər arasında qarşılıqlı alınıb-verilməsi yalnız formal xarakter daşımış olar ki, bu da məhkəmə qərarının yalnız kağız üzərində əhəmiyyət daşıması ilə nəticələnər. Məhkəmə qətnaməsinin isə formal xarakter daşıması yolverilməzdir. “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1767/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1767/2021
18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver