Məhkəmə qərarları › İş №2(014)-1781/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1781/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1781/2020 05.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2017-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2020-ci il tarixdə anadan olmuş X4 adlı uşaqlarının 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində aliment tələbi olaraq alimentin miqdarını hər uşaq üçün 170 manat tələb etmişdir. Cavabdeh Ağdaş rayon YMH-də işləyir və 1000 manat əmək haqqı alır. Aliment miqdarını daha artıq miqdarda ödəmək imkanına malikdir. İddia tələbində dəqiqləşmə apararaq iddia ərizəsində aliment miqdarının hər uşaq 170 manat əvəzinə 250 manat aliment tələbi olaraq nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxxx 2012-ci il tarixdə ailə həyatı qurmuşlar. xx xxxxxxxx 2012-ci il tarixdə də Ağdaş rayon Qeydiyyat Şöbəsində nikahlarını 42 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Uşaqları hal-hazırda onun yanında olmaqla valideyinlərinə məxsus evdə yaşayır. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşasalarda, sonralar cavabdehin xasiyyət, xarakteri səbəbiylə aralarında narazılıqlar baş verməyə başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən demək olar ki, iki aydır ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh bir dəfə belə övladları ilə maraqlanmamış, övladlarına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o övladları ilə valideynlərinin himayəsində yaşayır. Özü heç yerdə işləmir. Odur ki, övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasına ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı ilə xx xxxxxxxx 2012-ci il tarixdə ailə həyatı qurmuşlar. xx xxxxxxxx 2012-ci il tarixdə də Ağdaş rayon Qeydiyyat Şöbəsində nikahlarını 42 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Uşaqları hal-hazırda onun yanında olmaqla valideyinlərinə məxsus evdə yaşayır. İddiaçı ona qarşı uşaqlarının saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə tanışdır, iddianı qəbul edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq məhkəmə iclasına ərizə verərək hər ay hər uşaq üçün 250 manat olmaqla 500 manat aliment ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Məşəd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2012-ci il tarixli AZ-İ № 779086 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə Ömərova Zülfiyyə Sadiq qızı arasındakı nikah xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2012-ci il tarixli 42 saylı qeyd aparılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx xxxxxx 2020-ci il tarixli AZ-İV 416143 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X4 xx.xx.2020-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2020-ci ildə 177 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli AZ-İV 057732 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X3 xx.xx.2017-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2018-ci ildə 55 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN –dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində aliment tutulmalı, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxx 1980-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, Vaqif küçəsi-14 ünvanında yaşayan Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat sabit pulməbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar