Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1790/2025 09.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment tələbinə dair iddiası üzrə 02 mart 2016-cı il tarixdən başlayaraq 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat məbləğində alimentin ondan alınaraq Cavabdeh xeyrinə tutulması barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsi və Ağdaş Rayon Məhkəməsinin 8(014)- 298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin indeksasiya edilərək, həmin uşaqların saxlanılması üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay minimum əmək haqqının 0.40 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı 02 mart 2016-cı il tarixdən başlayaraq 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011- ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün X1 xeyrinə hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment məbləğinin tutulması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilərək, həmin uşaqların saxlanılması üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Onun daimi iş yeri yoxdur. Fərdi əməklə məşğul olur. Adına ayrıca təsərrüfatı yoxdur. Valideynləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evində yaşayır. Valideynləri də yaşlı və xəstə olduqlarına görə heç bir yerdə işləyə bilmirlər. Atası əlildir və əliliyə görə müavinət alır. Anası isə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onun xəstə bibisi ayrı təsərrüfatda qeydiyyatda olmasına baxmayaraq xəstə və kimsəsiz olduğuna görə ailəsi ilə birlikdə yaşayır və bibisinə də özləri baxırlar. Bundan başqa, o cavadehlə rəsmi qaydada boşandıqdan sonra başqa qadınla, yəni X5 ilə faktiki olaraq evlənmiş və onunla faktiki evliliklərindən 2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Beş nəfər ailə üzvlərinin adına cəmi 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və torpaqda sürətlə şoranlaşma getdiyi üçün demək olar ki, istifadə edə bilmirlər. Ona görə də aylıq gəliri hesabına alimenti ödədikdən sonra qalan cüzi məbləğlə ailəsinin, valideynlərinin və xəstə bibisinin saxlanılmasına, onların mütəmadi müayinə və müalicəsinə çatmır. Bəzi hallarda ailənin təminatını ödəmək üçün qohum və tanışlardan borc alaraq çətinliklə ödəyir. Valideynləri və bibisi yaşlı və xəstə olduqlarından onların saxlanılması, daima müayinə və müalicəsi üçün tələb olunan vəsaitlər, yeni qurduğu ailənin, eləcə də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Məhz bu səbəbdən də uşaqların saxlanıması üçün müəyyən edilmiş hər ay hər uşaq üçün minimum əmək haqqının 0.85 misli (340 manat) olmaqla, cəmi 680 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Uşaqların saxlanılması üçün tərəfindən maddi dəstəyin vacib olduğunu bilir. Lakin aylıq gəliri az olduğundan himayəsində biri azyaşlı olmaqla iki nəfər ailə üzvləri, yaşı və xəstə valideynləri və bibi olduğundan, yəni ailə və maddi vəziyyəti olduqca ağır olduğundan o, uşaqların saxlanılması üçün ayda hər birinə maksimum 160 manat, yəni minimum əmək haqqının 0.40 misli miqdarında ödəmək iqtidarındadır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına dair cavabdehlə aralarında yaranmış mübahisənin həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehlə mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı onun oğludur. Onlar birlikdə yaşayırlar. Oğlu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti güçü çatdığı qədər vaxtı-vaxtında ödəyib, lakin hazırda alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, oğlu X16 rayonunda işləyir və 700 manat məbləğində əmək haqqı alır. Aldığı əmək haqqı ilə həm aliment ödəyir, ailəsinin dolanışığını təmin edir, həmçinin də xəstə bibisinə baxır. Himayəsində azyaşlı övladı var. Əlavə gəlirləri yoxdur. Maddi vəziyyətləri olduqca çətindir. Qeyd olunanları nəzərə alıb məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, həyat yoldaşı təqaüd alır, özü isə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Tez-Bazar” Marketdə təndirdə çörək bişirməklə əmək haqqı alır. Onlarla birlikdə yaşayan xəstə baldızı isə xəstəliyinə görə müavinətlə təmin olunur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Hər ikisi məktəblidir və qızı hazırda ali məktəbə hazırlaşdığı üçün Savalan kursuna gedir. Uşaqların yaşı artıqda tələbatları da artır ki, tək qadın olaraq onların ehtiyaclarını qarşılmaqda çətinlik çəkir. Özü peraşki bişirib sataraq və aldığı alimentlə uşaqların ehtiyaclarını qarşılayır. Hər ay hər uşaq üçün 250 manat məbləğində alimentin İddiaçı alınaraq ona verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün İddiaçı sabit pul məbləğində hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat alımentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə borclu İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavabdeh ödənilməsinə dair qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 iyul 2025-ci il tarixli, MŞQ/MT035-2025-00493 saylı arayışından görünür ki, alimentin miqdarının azaldılmasının mübahisələndirilməsi üzrə 24 iyul 2025-ci il tarixdə saat 12:00-da keçirilmiş mediasiya prosesində İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin İddiaçı prosesin davam etdirilməsinə razılıq verməmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi qeyri rəsmi nikahda olduğu arvadı 1994-cü il təvəllüdlü X5 və övladı 2020-ci il təvəllüdlü X2 ibarətdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və 1126,86 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İşin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün İddiaçı sabit pul məbləğində hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmiş, Ağdaş Rayon Məhkəməsinin 8(014)-298/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 nömrəli, 14 sentyabr 2016-cı il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə borclu İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavabdeh ödənilməsinə dair qərar qəbul edilmişdir. Hazırda iddiaçı aliment barədə əvvəlki qətnamə çıxarılandan sonra daimi iş yerinin olmadığını, himayəsində yaşlı və xəstə valideynlərinin, həmçinin xəstə bibisinin, yenidən evləndiyini, evlədnikdən sonra bir övladının da olduğunu, onların ehtiyaclarının özü tərəfindən qarşılandığını, buna görə də məhkəmə qərarı ilə müəyyən olunmuş alimentin məbləğinin çox olmasını bildirib, alimentin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə, qeyd olunanlarla əlaqədar hesab edir ki, qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etdiyindən və bu hüquq aliment ödəyən şəxsə də şamil edildiyindən İddiaçı alimentin azaldılması barədə tələbi uşaqların saxlamasında hər iki valideynin borclu olması və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla qismən əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində özünün işləmədiyini, yaşlı valideynlərinin və xəstə bibisinin onun himayəsində olmasını, onların bütün təminatlarını özü qarşıladığını göstərsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləməklə 1126,86 manat məbləğində əmək haqqı alır, atası təqaüd, anası isə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Tez-Bazar” Marketdə işləməklə əmək haqqı alırlar. Onlarla birlikdə yaşayan xəstə bibisi isə xəstəliyinə görə Dövlət tərəfindən müavinətlə təmin olunur. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbinin tam təmin olunacağı təqdirdə, yəni 14 və 16 yaşlı uşaqların saxlanması üçün ondan 160 manat məbləğində vəsait tutulması cavabdehin marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar. Odur ki, məhkəmə, yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına və işin araşdırılan hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı 26 may 2009-cu il təvəllüdlü X3 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində alimentin məbləği azaldılaraq 240 manat sabit pul məbləğində aliment müəyyən edilməli, başqa sözlə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli (240:400=0,60) həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 8(014)-298/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 26 may 2009-cu il təvəllüdlü X6 və 16 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1790/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1790/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver