Məhkəmə qərarları › İş №2(014)-1810/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1810/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1810/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx xxxxx 1980-ci ildə Ağdaş rayonu, Mürsəl kəndində doğulmuş, Ağdaş rayonu, Mürsəl kəndində yaşayan Cavabdeh onunla birgə nikahlarından anadan olmuş uşaqları, yəni, 16 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 və 21 may 2011-ci idə doğulmuş X1 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat miqdarında alimentin alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanununun 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlə mübahisənin mediasiya qaydasında həllinə dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınması qaydasına riayət etməmişdir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar