Məhkəmə qərarları › İş №2(014)-1930/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1930/2021

22.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1930/2021 22.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 16 noyabr 2009-cu il təvəllüdlü X4 və 21 may 2011-ci ildə təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 iyul 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 16 noyabr 2009-cu il təvəllüdlü X4 və 21 may 2011-ci ildə təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən xeyli müddətdir ki, ayrı yaşayırlar. Cavabdehlə ayrıldıqları gündən etibarən övladları onun himayəsində qalır. Cavabdehdən ayrıldıqdan sonra həmin vaxtdan bir daha uşaqları ilə maraqlanmamış, uşağının saxlanılması üçün ona heç bir yardım göstərməmişdir. Özü heç bir yerdə işləmir. Uşağın sağlam böyüdülərək tərbiyə edilməsi üçün maddi yardıma yəni alimentə ehtiyac vardır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının tələb etdiyi aliment ilə razı deyil, övladlarının saxlanması üçün hər ay hər uşaq üçün 100 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 27 sentyabr 2013-cü il tarixli AZ-İİİ 182125 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X3 21.05.2011-cı ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən 08 iyul 2011-ci ildə 761 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 24 fevral 2010-cu il tarixli AZ-İİ 407923 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X4 16 noyabr 2009-cu ildə Ağdaş şəhərində doğulmuşdur. Bu barədə Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən 24 fevral 2010-cu ildə 04 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Mürsəl kənd İƏK nümayəndəliyi tərəfindən verilmiş, 13 iyul 2008-ci il tarixli AZ-İ 412957 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X2 arasında nikahın bağlanması haqqında 13 iyul 2008-cı il tarixli 07 saylı qeyd aparılmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN –dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 17 avqust 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.1980–ci il tarixdə Ağdaş rayon, Mürsəl kəndində anadan olmuş, Ağdaş rayon, Mürsəl kəndində yaşayan Cavabdeh 17 avqust 2021-ci il tarixdən başlayaraq, 16 noyabr 2009-cu il təvəllüdlü X4 və 21 may 2011-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar