Məhkəmə qərarları › İş №2(014)-1996/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1996/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1996/2020 02.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Aliment və alimentin artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və alimentin artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından xx xxx 2019-cu ildə anadan olmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq və xx xxx 2020-ci il tarixdə anadan olmuş Sadəddinli Ömər Cavid oğlu adlı uşağın saxlanılması üçün hər ay 170 manat miqdarında alimentin,uşaqların 3 yaşı tamam olana kimi 200 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış nikah münasibətləri pisləşdiyi üçün faktik olaraq ayrılmışlar, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 onun himayəsində saxlanılması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, qətnamə çıxarılarkən o, hamilə olmuşdur. xx xxx 2020-ci il tarixdə Sadəddinli Ömər Cavid oğlu adlı uşaqları anadan olmuşdur. Ömər adlı uşağın saxlanılması üçün aliment qət edilməmiş və cavabdeh özü də uşağın saxlanılması üçün aliment ödəmir. Ayan adlı uşağın saxlanılması üçün qət edilmiş alimenti cavabdeh keçən ay istisna olmaqla digər ayları ödəmişdir. Uşaqlar böyüdükcə tələbatı artır. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği uşaqların normal inkişafına, sağlam şəraitdə böyüdülməsinə vaxtı-vaxtında müayinə və müalicə olunmasına yetmir. O, özü heç bir yerdə işləmir. Buna görə də Ömər adlı uşağın saxlanılması üçün alimentə və Ayan adlı uşağın saxlanılması üçün isə alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, heç bir yerdə işləmir, Ayan adlı uşağın saxlanılması üçün qət edilmiş alimenti çox çətinliklə ödəyir. Uşaqların hər ikisinə görə 80 manatdan artıq aliment ödənilməsinə maddi imkanı çatmır. Əgər aliment məbləği artırılarsa onun ödəməyə maddi imkanı olmayacaqdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Kotavan kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı X7 və Sadəddinli Ömər Cavid oğlu adlı iki uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2020-ci il tarixdə anadan olmuş Sadəddinli Ömər Cavid oğlunun valideynləri X6 və İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qeydiyyat şöbəsinin arayışının surətindən görünür ki, xx xxx 2019-cu ildə anadan olmuş X3 valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahlarından xx.xx.2019cu il tarixdə anadan olmuş X8 anaları X2 himayəsində saxlanması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahından anadan olmuş Ayan adlı uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 130 manat aliment tutulması müəyyən edilsə də,Ömər adlı uşaq məhkəmə qətnaməsi çıxarıldıqdan sonra anadan olduğu üçün onun saxlanılmasına görə məhkəmə qətnaməsi ilə aliment tutulması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin ailə və maddi vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi nəzərə alınaraq Ayan adlı uşağın saxlanılması üçün məhkəmə qətnaməsi qət edilmiş aliment məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 140 manat, belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Ömər adlı uşağın saxlanılması üçün isə iddiaçının aliment üçün məhkəməyə müraciət etdiyi vaxtdan,yəni xx xxxxxx 2020-ci il tarixdən hər ay 140 manat aliment tutulmalı, qətnamə aliment tələbi haqqında hissədə dərhal icra edilməlidir, iddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi üçün iddia qalan hissədə rədd edilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-167/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxx 2019-cu ildə anadan olmuş X1 üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat aliment tutulsun. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2020-ci il tarixdə anadan olmuş Sadəddinli Ömər Cavid oğlunun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat aliment tutulsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar