Məhkəmə qərarları › İş №2(014)-2100/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2100/2025

22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2100/2025 22.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə Cavabdeh ilə ailə qurub, 2012-ci ildə rəsmi nikah bağlamış, 2024-cü ilin noyabr ayında nikahlarına xitam verilib. Həmin nikahdan 3 övladları var, onlardan biri cavabdehin, digər ikisi isə onun himayəsindədir. Nikahlarına xitam verilərkən məhkəmə tərəfindən 170 manat aliment təyin olunub. Cavabdeh məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra aliment məbləğini hər ay müntəzəm olaraq ödəsə də son 6 aydır ki, alimenti ödəmir və birmənalı şəkildə aliment ödəməkdən imtina edir. Bu səbəbdən də hazırda cavabdeh ona ödəməli olduğu 1020 manatdan artıq aliment borcunu ödəmir. Buna görə də Ağdaş Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Cavabdeh ona ödəməli olduğu aliment borcunun və aylıq aliment məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini nəzərdə tutan qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasını, eyni zamanda qətnamənin icrası ilə bağlı məsələlərin məhkəmədə iddia icraatı qaydasında baxılmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməli, iddiaçıya qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra icraatı qaydasında icra qurumuna və ya məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra icraatı qaydasında icra qurumuna və ya məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar