Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-212/2025 27.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "vurulmuş mənəvi və maddi ziyana görə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "vurulmuş mənəvi və maddi ziyana görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri qismində “həbs” seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 100.000 (yüz min) manat, maddi ziyana görə 10.000 manat, nəqliyyat xərci 500 (beş yüz) manat, vəkilə ödənilən xərc 1140 (min yüz qırx manat) cəmi 111.640 (yüz on bir min altı yüz qırx) manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun haqqında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona görə ki, guya o satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 15, 387 qram çəkidə narkotik vasitə heroini və 138,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroini və 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində, küllü miqdarda 4, 935 qram çəkidə heroini və 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus idarə etdiyi “VAZ 2107” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən 22 oktyabr 2021- ci il tarixdə həyala keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində o həmin gün saat 18.30-da ünvan 1 ünvanında yerləşən “Azərqaz” X4 rayon X8rşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, Atatürk prospekti, 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə dəvət olunub, həmin gün saat 20.50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 10,452 qpam çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bundan başqa həmin tarixdə saat 21.55-də şöbənin inzibati ərazisində baxış zamanı ona məxsus “VAZ 2107“ markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol oturacağın altından bir ədəd sellofan bükümdə üzərində aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibdə 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, həmin oturacağın qarşısında yerləşən kül qabının içərisindən isə üzərindən aşkar edilərək götürülmüş heroin ilə eyni kimyəvi tərkibli olan bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 4,935 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İddiaçı 22 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində çilingər işlədiyi “Azəriqaz” X4 rayon X14 idarə binasından Azərbaycan Respublikası DİN BNMİ-nin əməliyyat müvəkkilləri tərəfindən şübhəli şəxs qismində tutularaq BNMİ-nin Gəncə şəhərində yetrləşən X10 Şöbəsinə gətirilmiş və bir gün həmin idarədə saxlanıldıqdan sonra səhəri gün ərək, həmin tarixdə saat 20:50 radələrində üzərində və VAZ-2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilində axtarış aparılaraq üzərində və avtomobilində narkotik vasitə aşkar etmişlər. Lakin nə onun üzərində, nə də ki, avtomobilində narkotik vasitə olmamış, aşkar edilmiş narkotik vasitələri onun üzərinə və avtomobilinə polis əməkdaşlarının özləri qoymuşlar. Polis əməkdaşları 48 saat sonra onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi aparmışlar. 24 oktyabr 2021-ci il tarixdə müstəntiq tərəfindən barəsində “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərar qəbul edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanma müddəti 22 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 22 may 2022-ci il tarixədək uzadılmışdır. Bundan sonra yenidən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin may 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 2 ay - 9 ayadək, yəni 22 iyun 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməyi barədə cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsində uzun müddət ərzində işə baxılıb və məhkəmənini 26 sentyabr 2023-cü il tarixli 1(100)-57/2023 nömrəli hökmü ilə ona CM-nin 234.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından azad edilməyi hökm edilmişdir. Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə mənə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququ olması hökmlə ona izah edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işə baxılmış, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli 1(104)- 67/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dövlət ittihamçısınin apelliyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)-67/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilmiş, kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli 1 (102)-2008/2024 nömrəli qərarı ilə mənə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)- 67/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mən, 22 oktyabr 2021-ci il tarixdən, 26 sentyabr 2023-cü il tarixədək, yəni 1 il, 11 ay, 4 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Qanunsuz həbsdə saxlanılmağına görə Cinayət Prosessual Məcəllənin 58-ci maddəsinin tələbinə görə ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. Mən 1 il, 11 ay, 4 gün müddət ərzində qanunsuz həbsdə saxlanıldığı müddətdə maddi və mənəvi mərhumiyyətlərə məruz qalmışdır. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində istintaq orqanı tərəfindən narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyi üçün mütəmadi olaraq döyülmüş, insana yaraşmayan söyüşlər və hərəkətlərlə təhqir olunmuş, işgəncələrə məruz qalmış, hər zaman öz həyatına qəsd etmək istəmiş, lakin qoca yaşlı ata və anası gözünün önünə gəldiyi üçün bundan imtina etmişdir. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması onun işgüzar nüfuzuna da mənfi təsir etmiş, işlədiyi “Azəriqaz” X4 rayon X14 işçilərinin şüurunda «narkotik maddə satan şəxs» kimi qalmışdır. O, xx.xx.1991-ci il təvəllüdlü olmaqla hazırda 33 yaşı vardır. Həbsdən azad olunduqdan sonra atası və anası onu evləndirmələri üçün müxtəlif ailələrə elçi getmələrinə baxmayaraq, qarşı tərəf onu “narkoman” kimi cinayət törətmiş şəxs hesab edərək heç bir ailə ona evlənməyi üçün qız verməmiş, bu isə ona həddindən artıq istirab verir. Bundan başqa qanunsuz həbsdə olduğu müddət ərzində daim narahatlıq hissi yaşamış, məyus olmuş və stres çəkmişdir. Həbsxana şəraitində sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkərək iztirab keçirmişdir. Hal hazırda da xəstə vəziyyətindədir. Bütün bu qeyd olunanlara görə ona vurulmuş mənəvi ziyanı 100000 (yüz min) manat qiymətləndirir. O həbsdə olduğu müddət ərzində öz işindən məhrum olunmuşdur. Həmin vaxt o “Azəriqaz” X4 rayon X15 çilingər vəzifəsində çalışmışdır. Onun qanunsuz oluraq həbsdə olduğu müddət ərzində itirdiyi maaşın məbləği 10000 (on min) manat miqdarındadır. Qeyd edilən məbləğ maaş və ona edilən əlavələrlə birlikdə yaranır. Bundan başqa barəsində gedən cinayət işinə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəməyə gedib gəlmişdir. Bununla əlaqədar yollara 500 manat civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 1140 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirmişdir. Ona görə də ona dəymiş mənəvi ziyan kimi 100.000 (yüz min) manat, maddi ziyana görə 10.000 manat, nəqliyyat xərci 500 (beş yüz) manat, vəkilə ödənilən xərc 1140 (min yüz qırx) manat ağlabatan və ədalətli hesab edilib cavabdehdən tutulub ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uygun izahat verərək bildirdi ki, 2021-ci ildə DOST MMC-də işləmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi 1 ay müddətində bağlanılmışdır. Bir aydan bir müqavilə bağlanılırdı. 24 oktyabr 2021-ci il tarixdə həbs olunduqdan sonra işdə 3 ay adı getmişdir, tutulduqdan sonra onu işdən çıxartmış, xx.xx.2021-ci il tarixdə işinə xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı 1 il 11 ay 4 gün həbsdə saxlanılmışdır. Həbs olunmamışdan qabaq o, DOST iş mərkəzində işləyərək minimum əmək haqqı almışdır. Həbs olunduqdan sonra o, işini itirmişdir. Həbs olunduqdan sonra Fərid fiziki və mənəvi işgəncələrə məruz qalmışdır. Təqsirləndirilən şəxsin atası ilə birlikdə maşın tutaraq dəfələrlə onun yanına getmişlər. İddiaçı qanunsuz olaraq həbsdə saxlanıldığından ona mənəvi ziyan vurulmuşdur. İddiaçı həbsdən çıxdıqdan sonra iş tapa bilməmiş, evlənmək üçün getdiyi elçiliklərdə həbs olunduğu üçün ona qız verilməmişdir. Buna görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi Ağdaş rayonu üzrə Maliyyə Şöbəsinin rəisi məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 111.640 (yüz on bir min altı yüz qırx) manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. İddiaçı həmçinin nəqliyyat xərci olaraq 500 manat kompensasiya ödənilməsini də tələb edir. Bununla bağlı bildiririk ki,“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir.Həmin qanunda iddiaçının tələb etdiyi xərclər nəzərdə tutulmamışdır. İddiaçı vəkilə ödənilən xərc olaraq 1140 manatın əvəzinin ödənilməsini də ərizəsində qeyd etmişdir. Bildiririk ki, hüquqi yardımla bağlı kompensasiya tələb edilərkən, hüquqi yardımla bağlı sənədlər, yəni müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsi tələbi ilə bağlı qeyd edirik ki,“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirik ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Cavabdeh dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, İddiaçı DOST iş mərkəzinin işçisi olmuşdur. DOST iş mərkəzi sosial lahiyədir, 2018-ci il tarixdən başlanılmışdır. Sosial lahiyə olduğu üçün razılaşmalar əsasında müqavilələr bağlanılır. İşçi qüvvəsinin təmin olunmasına nəzarəti onlar baxmırlar, onlar sadəcə pul ödəyirlər. Müqavilə 1 ay müddətində bağlanılır. Əgər işinə xitam verilmirsə 1 aydan 1 uzadılır. Əgər işdən çıxmaq istəyirsə, 7 gün əvvəl məlumat verilir, 2-3 aya tabel göndərilir. İddiaçı ilə 05 yanvar tarxində müqavilə bağlanmışdır, aprel ayına qədər vaxtı var idi, əgər Fərid işinə davam etsəydi, müqavilə davam edəcəkdi. Lakin aprel ayında işə gəlmədiyindən müqavilənin vaxtı bitdiyinə görə müqaviləyə xitam verilmişdir. Onlar sorğu verdikdən sonra bilmişlər ki, İddiaçı tutulmuşdur, yoxsa bu barədə məlumatları olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 1(100)-57/2023 saylı hökmün surətindən görünür ki, İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 1(100)-57/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuş X1, X18, X11 və X6, o cümlədən cinayət işinin ibtidai istintaqını aparmış DİN BMVMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X9 tərəfindən Azərbaycan Respublikası CPM tələbləri pozulduğuna görə barələrində müvafiq tədbirlər görülməsi üçün X20 məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)-67/2024 saylı qərarının surətindən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)- 57/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-2008/2024 saylı xx.xx.2024cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsimə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)-67/2024 saylı qərarı dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 2587 saylı arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən verilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilələrdən və ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsinə görə ümumilikdə vəkilə 1140 (min yüz qırx) manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 aprel 2019-cu il tarixli 162 saylı xidməti müqavilədən görünür ki, “Azəriqaz” İB X21 istismarı İdarəsi ilə İddiaçı arasında xidməti müqaviləsi bağlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DOST İş Mərkəzi MMC və İddiaçı arasında 05 yanvar 2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentiliyi DOST İş Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli 3-17-7/2-Y-41221/2023 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 5 yanvar 2021-ci il tarixindən 7 aprel 2022-ci il tarixinədək "xxxx" MMC-də AR Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X21 İstismar İdarəsi üzrə Ağdaş rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışmışdır. F.Ş. Yusubovun işlədiyi illər üzrə aldığı əmək haqqı xx.xx.2021-xx.xx.2021 tarixdə 250 manat, xx.xx.2022-xx.xx.2022 tarixdə 300 manat olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 fevral 2025-ci il tarixli 3-17-7/2-9494/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işləri təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin Dostu” proqramına başlanılmışdır. Həmin proqram Mərkəz tərəfindən icra olunur. Proqamin icrası çərçivəsində Mərkəz hal-hazırda 35 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. İddiaçı ilə Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq AR Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin X21 İstismr İdarəsinə ictimai işlər üzrə köməkçi vəzifəsində təhkim edilmişdir. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları məsuliyyəti səlahiyyət və vəzifə bölgüsü “Azəriqaz” İstehsalat Birliyi və DOST iş Mərkəzi arasında xx.xx.2020-ci il tarixində bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. İddiaçı barəsində AR-nın məhkəmələri tərəfindən hər hansı məlumat Mərkəzi daxil olmamışdır. İddiaçıla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı 18 noyabr 2023cü il tarixli müayinə sənədlərindən görünür ki, İddiaçı müayinəsi zamanı qaraciyərində, böyrəklərində dəyişiklik müşahidə olunur. Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş mənəvi ziyan kimi 100.000 (yüz min) manat hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat nəzərdə tutulur. İddiaçı 1 il 11 ay 4 gü həbsdə saxlanıldığından iddia tələbi həmin hissədə qismən təmin edilərək qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, barəsində həbs qətimkan tədbiri seçilmə və qanunsuz məhkəməyə verilmə nəticəsində dəymiş mənəvi ziyana görə iddiaçının xeyrinə 23133 (iyirmi üç min otuz üç) manat cavabdehdən tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin müddət ərzində iddiaçı ciddi fiziki məhrumiyyətlərə məruz qalmış, əzablara düçar olmuş, mənəvi sarsıntılar keçirmiş, onun nüfuzuna zərər gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuş X1, X18, X11 və X6, o cümlədən cinayət işinin ibtidai istintaqını aparmış DİN BMVMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X9 tərəfindən Azərbaycan Respublikası CPM tələbləri pozulduğuna görə barələrində xüsusi qərar çıxarılaraq müvafiq tədbirlər görülməsi üçün X20 məlumat verilmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin maddi ziyana görə 10 000 manat ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı həbs olunmazdan əvvəl DOST İş Mərkəzində çalışaraq 2021-ci ilin noyabr, dekabr ayları üzrə hər ay 236 manat olmaqla 472 manat, 2022-ci il üzrə hər ay 300 manat olmaqla 3600 manat, 2023-cü ilin sentyabr ayınadək hər ay 345 manat olmaqla 3105 manat, ümumilikdə 7177 manat əmək haqqından məhrum olunmuşdur. Bu səbəbdən iddia tələbi maddi ziyana münasibətdə qismən təmin olunaraq cavabdehdən iddiaçinin xeyrinə həmin hissədə 7177 (yeddi min yüz yetmiş yeddi) manat pul tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin vəkilə ödənilən 1140 (min yüz qırx) manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin ödənişlərə dair müqavilələr və qəbzlər məhkəməyə təqdim olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin 500 (beş yüz) manat nəqliyyat xərci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddianın həmin hissəsini sübut edəcək sənədlər məhkəməyə təqdim olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.https://eqanun.az/framework/5104 Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.https://eqanun.az/framework/5104 Həmin Qanunun 6-cı maddəsinə (1-ci hissə) əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə (1-ci hissə) əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 7-ci maddəsinə (2-ci hissə) əsasən şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Həmin Qanunun 8-ci maddəsinə (1-ci hissə) əsasən qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə, cavabdeh təşkilat olan Maliyyə Nazirliyinin etirazında qanunsuz olaraq iddia tələbi üzrə öhdəliyin Maliyyə Nazirliyinin üzərinə qoyulmasına münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən zərəri ödəməli subyekt Azərbaycan Respublikasıdır və dövlətin maliyyə sahəsində səlahiyyətlərini Cavabdeh həyata keçirir. İddia tələbi üzrə öhdəliyin icrası dövlət büdcəsinə yönəlmiş, Maliyyə Nazirliyi həmin tutmanı icra edən təşkilatdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh orqandan vurulmuş mənəvi ziyana görə 23133 manat, maddi ziyana görə 7177 manat, vəkilə ödənilən xərcə görə 1140 manat tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi ziyana görə 23133 (iyirmi üç min yüz otuz üç) manat, maddi ziyana görə 7177 (yeddi min yüz yetmiş yeddi) manat, vəkilə ödənilən xərcə görə 1140 (min yüz qırx) manat, ümumilikdə 31450 (otuz bir min dörd yüz əlli) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-212/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-212/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver