Məhkəmə qərarları › İş №2(014)-2311/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2311/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2311/2021 19.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglundan təbiətə dəymiş olan 200 manat pul alınaraq İddiaçı hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142582, D4. Büdcə əməliyyatlarının kodu-3,) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsində göstərmişdir ki, 8 saylı RESTİ-nin əməkdaşlarının araşdırması zamanı məlum olmuşdur ki, Ağdaş rayon Tofiqi kənd sakini Cavabdeh bələdiyyə mülkiyyətindəki torpaq sahəsindən diametri 22 sm olan kök üstə yaş halda 1 ədəd söyüd ağacını qanunsuz kəsmişdir. Bununla bağlı 27 fevral 2020-ci il tarixli 59595 saylı akt tərtib edilmiş, həmçinin Cavabdeh Azərrbyacna Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. Həmin protokola əsasən 8 saylı RETSİ tərəfindən qərar qəbul edilmişdir. Həmçinin Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 200 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh cərimə borcunu tam şəkildə ödəmişdir. Lakin cavabdehə dəfələrlə dəymiş ziyanı ödəməsi tələb edilsədə, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərtib edilmiş həmin aktı, məlumatı və bildirişi, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə edərək baxılması üçün Ağdaş Rayon məhkəməsinə göndərilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, AR MPM-nin AR MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilir ki, “Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır” İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh etdiyi hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 43-cü maddəsinin tələbinə əsasən İXM-nin 257-ci maddəsin ilə başlanmış işlərə baxılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Məcəllənin 40, 41 və 43cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. İş materiallarında iddiaçı tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokolun tərtib olunması və onun barəsində Mərkəzin qərarı ilə inzibati tənbeh verilməsi görünsə də, inzibati xəta haqqında işə həmin inzibati orqan tərəfindən baxılarkən vurulmuş zərərin ödənilməsi məsələsinə baxılması haqqında heç bir məlumat göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxıla bilər (Maddə 36.1), inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər (Maddə 36.2). İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir (maddə 36.3). İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta haqqında tərtib edilmiş protokola baxıb inzibati cərimə və inzibati xəta nəticəsində vurulan əmlak zərəri (ödənilməsi barədə mübahisə olmadıqda) ilə bağlı məsələni həll etməli olduğu halda, yalnız inzibati cərimə məsələsini həll etmiş, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məsələni açıq saxlamışdır. Halbuki, vurulmuş əmlak zərəri ilə bağlı mübahisə olduğu təqdirdə inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında İnzibati Xətalar Məcəlləsi tətbiq edilməklə baxıla bilər. Hazırkı halda inzibati orqanın qanunvericiliyin birmənalı göstərişlərini pozaraq vurulmuş zərərlə bağlı məsələni inzibati tənbeh vermə haqqında qərarla həll etməli, zərərin ödənilməsi ilə bağlı mübahisə olduğu halda inzibati xəta haqqında iş üzrə materialları məhkəməyə göndərməli olduğu halda, əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki qanunverici orqan vurulmuş ziyanın tutulması və onun cavabdehdən tələb edilməsi ilə bağlı inzibati orqana kifayət qədər səlahiyyət vermişdir. “İnzibati orqanların Təsnifatı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərari ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatın 17-ci bəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun qurumları inzibati orqanlara aid edilmişdir. AR İcra haqqında qanunun 6.1.5-ci maddəsinə əsasən inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədləri hesab edilir. Həmin qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar da icra sənədi hesab edilir. İndiki halda iddiaçı qanunvericiliyin tələblərini pozaraq ziyanla bağlı məsələni inzibati xəta haqqında qərarla həll etmədiyindən, məhkəmə hesab edir ki, inzibati orqanın həmin ziyanı tələb etmək hüququ aradan qalxmamalıdır. Məhkəmə hesab edir ki, İnzibati orqan olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun İV fəslinə uyğun olaraq cavabdeh barəsində inzibati icraat işi başlamaqla Qanunu 57-62-ci maddələrinə əsasən onun barəsində inzibati akt –qərar qəbul edə bilər. İnzibati İcraat haqqında qanunun 82.1-ci maddəsinə görə Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir İnzibati İcraat haqqında qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qurumu olmaqla inzibati xəta haqqında olan işlərə baxaraq müvafiq qərar (inzibati cərimə və əmlak zərəri ) qəbul etməli olduğu halda, Cavabdeh oğlunun barəsində yalnız inzibati cərimə haqqında qərar qəbul etməklə, vurulmuş maddi ziyanın tələb edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı, inzibati xəta haqqında qərar qəbul edərkən vurulmuş ziyanla bağlı məsələni də eyni qərarla həll etməsi iddiaçıya tövsiyyə edilməli, inzibati xəta haqqında qərarda qeyd edilən məsələlər həll edilmədiyi təqdirdə, inzibati orqan kimi “ İnzibati icraat” haqqında qanunu əsas götürərək vurulmuş ziyanın tutulması haqqında inzibati akt qəbul etməklə həmin ziyanı cavabdehdən tələb edə bilməsi iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddiaçıya tövsiyə edilsin ki, inzibati xəta haqqında qərar qəbul edərkən vurulmuş ziyanla bağlı məsələni də eyni qərarla həll etsin. İddiaçıya izah edilsin ki, inzibati xəta haqqında qərarda qeyd edilən məsələlər həll edilmədiyi təqdirdə, inzibati orqan kimi “İnzibati icraat” haqqında qanunu əsas götürərək vurulmuş ziyanın tutulması haqqında inzibati akt qəbul etməklə həmin ziyanı cavabdehdən tələb edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada tərəflərə təqdim edildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar