Məhkəmə qərarları › İş №2(014)-236/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-236/2020

11.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-236/2020 11.02.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə işə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2007-ci il tarixdə anadan olmuş X1, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün anası Cavabdeh xeyrinə hər ay hər uşağa 90 manat cəmi 270 manat aliment tutulması miqdarınını azaldılaraq, hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında tutulub, birgə nikahdan xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2, yetkinlik çatana kimi saxlanılması üçün anası Cavabdeh nəfinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxx 2006-cı il tarixdə rəsmi nikahı qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan onların xx xxxxx 2007-ci il tarixdə Simarə, xx xxxxxx 2010-cu il tarixdə Əli və xx xxxxxx 2014-cü il tarixdə isə Şahin adlı üç övladları doğulmuşdur. Təzə ailə qurduqları müddətdə cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Sonradan daima aralarında söz-söhbətlər olurdu. Münasibətləri korlanmışdı. Uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Nikahları pozulmuş cavabdeh onu aliment tələbi ilə bağlı məhkəməyə vermişdir və xx xxxx 2019-cu il tarixli Ağdaş Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxx 2007-ci il tarixdə anadan olmuş X1, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün anası Cavabdeh xeyrinə hər ay hər uşağa 90 manat cəmi 270 manat aliment tutulması qət edilmişdir. Həmin tarixdə məhkəmə iclasında alimentin tutulmasına etiraz etmişdi. Belə ki, həmin vaxtlarda heç bir yerdə işləmirdi. Lakin hazırda “xxxx” İş Mərkəzi MMC-də Ağdaş rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aylıq maaşı 250 manatdır. Bundan başqa o hər ay vaxtı-vaxtında alimentini ödəyir və hazırda aylıq maaşı 250 manat olduğu halda necə 270 manat ödəyə bilər. O həqiqətən də Məhkəmə tərəfindən təyin olunmuş alimenti miqdarını ödəyə bilmir. İddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin ona qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməsinə görə oda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdelə birgə nikah vaxtlarında da övladlarınınmaddi xərclərini ata olaraq özü çəkmiş, həmçinin nikahları pozulduqdan sonra da ailə ehtiyaclarını özü təmin etmişdir. Cavabdeh hal-hazırda olduğu kimi, birgə nikah dövründə də işləməmiş, uşaqların qayğısı və tərbiyəsi ilə məşğul olmuşdur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ilə xx xxx 2006-cı il tarixdə rəsmi nikahı qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan onların xx xxxxx 2007-ci il tarixdə Simarə, xx xxxxxx 2010-cu il tarixdə Əli və xx xxxxxx 2014-cü il tarixdə isə Şahin adlı üç övladları doğulmuşdur. Təzə ailə qurduqları müddətdə cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Sonradan daima aralarında söz-söhbətlər olurdu. Münasibətləri korlanmışdı. Uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Ağdaş Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxx 2007-ci il tarixdə anadan olmuş X1, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa 90 manat olmaqla cəmi 270 manat aliment tutulması qət edilmişdir. İddiaçının iddia tələbi ilə tanışdır. iddianı qəbul etmir. Ağdaş rayon Məhkəməsində qət edilmiş alimentin miqdarı uşaqların saxlanılmasında minumum bəs edir. Hal hazırda heç bir yerdə işləmir, vəziyyəti çox ağırdır. Alimentin azaldılması uşaqların sağlam böyüdülməsində ona çətinlik yaradacaqdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Dayanıqlı və X6 Agentliyinin xxxx İŞ Mərkəzi tərəfindən verilmiş, xx xxxxxx 2019 tarixli **********5 saylı arayışın surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixindən “xxxx İş Mərkəzi” MMC-də Ağdaş rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. İddiaçı aylıq maaşı 250 ( iki yüz əlli) manatdır. İş materiallarında olan Ağdaş RPŞ-nin xx.xx.2010-cu il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Ağdaş rayon, Xosrov kəndində anadan olmuş və Ağdaş rayon, Xosrov kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1097/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-4533/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə üç uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx xxxx 1975-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Ağdaş rayonu, Xosrov kəndində yaşayan İddiaçı xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxx 2007-ci il tarixdə anadan olmuş X3, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X7 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xeyrinə hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 270 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia üzrə mülki işə baxan məhkəmə tərəflərin maddi vəziyyətlərini, həmçinin azyaşlı uşaqların mənafeyini nəzərə alaraq, sabit pul məbləğində alimenti hazırkı iş üzrə ədalətli həddə, hər ay bir uşağa 90 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 49.3-ci maddəsinə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sənədlərini məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmiş hər bir uşaq üçün 90 manat sabit pul məbləği həddində alimentin tutulması ədalətlidir, həmin məbləğ öz-özlüyündə uşağın normal saxlanılması üçün kifayət məbləğ deyildir, qeyd olunan məbləğin azaldılması uşaqların tələbatlarının ödənilməsi üçün yetərli deyil və bu uşaqların mənafeyinə aşkar şəkildə ziddir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar