Məhkəmə qərarları › İş №2(014)-327/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-327/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-327/2025 17.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olmuş uşağın 18 yaşına çatana kimi saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək əlavə alimentin (zəruri vəsait) tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olmuş uşağın 18 yaşına çatana kimi saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək əlavə alimentin (zəruri vəsait) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və nikahları 401 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlarda cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında tez-tez mübahisələr baş verdi. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət yaradaraq, evdə gərginlik yaradır bu da onların münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur və hal-hazırda sadəcə formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və barışmağı mümkün deyildir. İddiaçı ilə cavabdeh arasında birgə nikahdan doğulmuş övladını onun yanında qalır. Ayrıldıqları vaxtda bu günə kimi cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağın qeydinə qalmır. Onun tələbatını ödəmək üçün ona maddi dəstək olmur. Halbuki, cavabdeh evli olduğu vaxtda və hazırda da Xocəvənd rayonu Hadrut qəsəbəsində yerləşən Komando hərbi birliyində xidmət aparır. Bildiyinə görə onun əməkhaqqısı 1200 manatdan yuxarıdır. Bu vaxt ərzində uşağın necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb. O, uşağının saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib. Hal-hazırda uşağın bütün maddi xərclərini ailəsi sayəsində çəkir və onlar ata və anasının himayəsində yaşayırlar. Bütün bunlara əsasən hesab edir ki, uşağın və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Belə ki, işləmək istəsədə belə uşağı azyaşlı olduğundan bunu edə bilmir. Çünki onun daima iddiaçıya ehtiyacı var. Buna görə də, cavabdehdən eyni zamanda uşağın 3 yaşı tamam olanadək aliment (zəruri vəsait tutulmalıdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Hesab edir ki, azyaşlı uşağın ona daha çox bağlı olduğu, onun tərbiyəsi ilə daha çox onun məşğul olduğu üçün, uşağın üstün mənafeyi naminə, eyni zamanda uşağın diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmədən İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanılması üçün iddiaçının xeyrinə cavabdehdən hər ay üçün 300 manat məbləğində sabit pul məbləğində aliment və 150 manat məbləğində aliment (zəruri vəsait) ödənilməsi, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfidən mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində qeyd edlənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 19 sentyabr 2024-cü il tarixdə Mingəçevir “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş № 3-16-5/8- C-69-1152/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə X3 20 may 2022-ci il tarixdə 401 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. İşin materiallarında olan 19 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 810525 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 14 yanvar 2023-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan X4 (İMS) iştirak edilməməsi barədə 26 noyabr 2024-cü il tarixli, MŞQ/MT035-2024-837 seriyalı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasından iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasından iştirak etməmişdir. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından bir uşağı doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı cavabdehdən bir uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 24 avqust 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması hər ay sabit pul məbləğində 190 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarına əsasən məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan 14 yanvar 2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 25 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. “Mediasiya haqqında” Qanunun 3-cü və 28.1-ci maddələrinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və 25 dekabr 2024-cü il tarixdə başlayaraq yetkinlik yaşına çatmayan 14 yanvar 2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2400 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 44 (qırx dörd) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 25 dekabr 2024-cü il tarixdə başlayaraq yetkinlik yaşına çatmayan 14 yanvar 2023cü il tarixdə anadan olmuş X1 üçün hər ay üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İddiaçının ödəməkdən azad edildiyi 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar