Məhkəmə qərarları › İş №2(014)-404/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-404/2024

05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-404/2024 05.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabiri Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 19 mart 2020-ci il tarixdə tarixdə rəsmi nikah qeyd etdirərək evlənməklə birgə yaşamışlar. Bu nikahlarından 18 dekabr 2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlar ailə münasibətləri yaxşı olsa da, son vaxtlar ailə münasibətləri pozulmuşdur. Ailədə bir-birilərini başa düşə bilmirlər və tez-tez mübahisələri düşür. Cavabdeh ona arvadı kimi hörmət etmir, ailəsinə baxmır. Bu kimi digər hərəkətlər ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Cavabdeh azyaşlı uşağın saxlanılması üçün könüllü aliment ödəməkdən imtina edir. Uşaq azyaşlı olduğundan və qulluğa ehtiyacı olduğundan heç bir yerdə işləmir. Alimentə ehtiyacımız vardır. Odur ki, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 dekabr 2020-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasına görə xahiş edir. Qeyd olunanlara əsasən Cavabdeh 18 dekabr 2020-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin və Mediasiya təşkilatına mediasiya prosesinin həyata keçirilməsinə görə ödədiyi 50 (əlli) manat məbləğin Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə ərizə ilə müraciət edərək bildirmişdir ki, maddi imkanı çox ağırdır. Rəsmi iş yeri yoxdur. Özü avtoyuma məntəqəsində işləyir. Ona kömək edəcək kimsəsi yoxdur. Valideynləri ölüb. O, aliment ödəməkdən boyun qaçırmır. Övladı saxlamaq hər bir valideynin borcudur, lakin yüksək məbləğdə aliment ödəmək iqtidarında olmadığı üçün 120 manat məbləğində aliment təyin edilməsini və məhkəmə iclasının onu iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh uşaqla maraqlanmır və uşağın saxlanılması üçün maddi yardım göstərmir. Hazırda uşaq azyaşlı olduğundan işləyə bilmir və valideynləri tərəfindən uşaqğın saxlanılması təmin edilir. Cavabdeh hazırda Ağdaş şəhərində yerləşən avtoyuma məntəqəsində işləyir və birlikdə yaşadıqları zaman həmin avtoyuma məntəqəsinin sahibinə məxsus fermadada işləyirdi və aylıq qazancı 600-700 manat təşkil edir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli, AZ-İİ № 388833 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmişdən görünür ki, Cavabdeh ilə İddiaçı 19 mart 2020-ci il tarixdə 99 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Cavabdov, arvada Kərimova soyadı verilmişdir. İşin materiallarında olan 29 dekabr 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 499486 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 18 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan 01 fevral 2024-cü il tarixli, 00032 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən bir uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 18 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 06 fevral 2024-cü il tarixdən başlayaraq, 18 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı verilməli, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2040 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 40,40 (qırx manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 fevral 2024-cü il tarixdən başlayaraq 18 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı verilsin. İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Cavabdeh 40,40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar