Məhkəmə qərarları › İş №2(014)-417/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-417/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-417/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.10.2012-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 210 ( iki yüz on) manat sabit pul məbləğində alimentin və övladının xəstəliyimüalicəsi üçün xərclədiyi pul məbləğinin yarısını Cavabdeh alimentlə birlikdə tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21.01.2012-ci il tarixində ailə qurmuş, 29.01.2013-cü il tarixində nikahlarını rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 27.10.2012-ci il tarixdə X5 anadan olmuşdur. Cavabdeh ilə birlikdə yaşamaq mümkün olmadığından ailə münasibətləri, yəni nikahlarını Ağdaş rayon Məhkəməsinin 07.06.2021ci il tarixli 2(014)-667/2021 saylı qətnaməsi ilə pozulmuşdur.27.10.2012-ci il təvəllüdlü X5 07.06.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən onun himayəsində saxlanılmışdır, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. Övladının normal yaşaması, vaxtı vaxtında qidalanması və tibbi yolla müalicə alması üçün məhkəmə tərəfindən aliment təyin edilməlidir. Övladı asma bronxit xəstəliyinə tutulduğundan onun müalicəsinə pul xərcləyir. Hakim tərəfindən müəyyən qaydada bərabərlik əsasında müalicəyə xərclənən pul məbləği cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Cavabdehin maddi durumu yaxşı olmasına və yüksək gəlir əldə etməsinə baxmayaraq övladına köməklik etməkdən imtina edir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin göndərdiyi etirazla tanış olmuşdur, onunla bağlı bildirmək istəyir ki, cavabdeh iki uşağının olduğunu əlavə olaraq onlara baxdığını bildirsə də, məhkəmənin diqqətinə çatdırır ki, həmin uşaqlara görə cavabdeh əlilliyə görə pul alır. Ona görə də məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, İddiaçı ona qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə tanışdır. İddianı qismən qəbul edir. İddiaçı iddia ərizəsində ondan aliment tələb etməklə yanaşı, uşağın xəstə olmasını göstərək onun müalicəsinə xərclənmiş pul vəsaitinin yarsını da ondan tələb etsə də, həmin xərcin konkret olaraq nədən ibarət olması və məbləğini iddia ərizəsində göstərməmiş və bunu təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Onun əvvəlki həyat yoldaşı X8 23 may 2010-cu ildə kəskin qara ciyər hepatozu xəstəliyindən vəfat etmişdir. Mərhumla birgə nikahlarından iki nəfər uşaqları vardır. 21 yanvar 2012-ci il tarixdə cavabdehlə evlənmişlər. Birgə nikahlarından bir nəfər uşaqları anadan olmuşdur. Cavabdeh ona xəyanət etdiyinə görə onunla ayrılmışlar. Birgə nikahdan anadan olmuş uşağı cavabdehin himayəsində saxlanılmışdır.Uşağa aliment ödəməkdən imtina etmir və aşağıda göstərdiyi əsaslara görə uşağın saxlanılması üçün hər ay 80 manat aliment ödəməyə gücü çatır. Belə ki, özünün şəxsi təsərrüfatı və yaşayış evi yoxdur. Valideynlərinə məxsus evində əvvəlki mərhum həyat yoldaşı ilə birgə nikahlarından anadan olmuş övladları ilə yaşayır. Fiziki cəhətdən sağlam deyildir. “Diskogen radikuloişemiya, sağ tərəfli davamlı kəskin ağrı, sağ pəncənin perineal parezi, onurğa kanalının sirkulyar stenozu , çanaq orqanlarının funksiyasının pozulması ilə yırtıqlar” xəstəliyindən əziyyət çəkir. Ona görə də ancaq yüngün işlərlə məşğul ola bilir.Aylıq qazancı demək olarki ortalama hər ay 200 manat etmir. Onun himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları olduğundan onlarından saxlanılmasına olduqca çox çətinliklərlə üzləşir. Yəni onun maddi vəziyyəti iddiaçı ilə ayrıldıqdan sonra ağırlaşmışdır. Ondan fərqli olaraq iddiaçının daimi iş yeri vardır. Belə ki, o Ağdaş rayon Mərkəzi xəstəxanasında işləyir və aylıq gəliri yüksəkdir. Cavabdeh vəkili X7 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, hüquqularını təmsil və müdafiə etdiyi şəxs iddiaçının tələb etdiyi aliment məbləği ilə razı deyil, övladının saxlanılması üçün hər ay üçün 80 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə iddiaçı nümayəndəsinin və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 yanvar 2022-ci il tarixli 05/2022 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı və Cavabdeh “uşağın saxlanması üçün alimentin tutulması” mübahisəsi üzrə 20.01.2022 tarixində 15:00-16:00 saatlarında keçirilən ilkin mediyasiya sessiyasında iştirak etdiklərini təsdiq etmək üçün verilir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli 2(014)-667/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş rayon Qeydiyyat şöbəsində 29 yanvar 2013-cü ildə 27 № ilə qeyd edilmiş nikah pozulsun. 27 oktyabr 2012-ci ildə anadan olmuş X5 adlı uşaq anası İddiaçı yanında saxlanılması, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş, 23.05.2016-cı il tarixli AZE 11633897 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 27.10.2012-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyun 2010-cu il tarixli AZ-İ 419785 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 23.05.2010-cu il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 iyun 2010-cu il tarixli AZ-İİ 440638 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 20.05.2010-cu il tarixdə bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 iyul 2009-cu il tarixli AZ-İİ 298458 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 23.06.2009-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Funda” Hospital tərəfindən verilmiş 11.02.2022-ci il tarixli arayışdan məlum olur ki, 13.11.1978-ci il təvəllüdlü Cavabdeh 11.02.2022-ci il tarixində “Funda” Tibb Mərkəzində nevroloq Əsədzadə Heydər həkimin müayinəsində olmuş, “diskogen radikuloişemiya, sağ tərəfli davamlı kəskin ağrı, sağ pəncənin perineal parezi, onurğa kanalının sirkulyar stenozu , çanaq orqanlarının funksiyasının pozulması ilə yırtıqlar” diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 12 fevral 2022-ci il tarixli 196 saylı məktubdan məlum olur ki, “Ağdaş RMX” PHŞ-da işləyən İddiaçı hesablanmış aylıq əməkhaqqısı 432 manatdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda, bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan 10.000 manat aralığında olduğundan iddiaçının ödəməkdən azad edildiyi 33.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdehin maddi vəziyyəti, hər iki valideyinin uşağı saxlamağa borclu olması nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 25 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə xərcin konkret məbləği və bunu təsdiq edən sübutların təqdim edilmədiyinə görə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh oğlundan 33.20 (otuz üç manat 20 qəpik) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 13.11.1978–ci il tarixdə Ağdaş şəhərində anadan olmuş və həmin ünvanda yaşayan Cavabdeh 25.01.2022-ci il tarixdən başlayaraq, 27.10.2012-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 33.20 (otuz üç manat 20 qəpik) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar