Məhkəmə qərarları › İş №2(014)-548/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-548/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-548/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat alimentin, həmçinin X5 üç yaşı tamam olanadək hər ay əlavə xərc olaraq 50 manatın Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onununla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı il tarixdə ailə qurmuşlar. xx.xx.2019-cu ildə də Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 21 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Uşaqları hazırda onun himayəsindədir, cavabdehlə ayrıldıqları vaxtdan ailəsi ilə maraqlanmamış, uşaqların saxlanılması üçün könüllü olaraq heç bir yardım etməmişdir. Bu səbəbdən uşaqlarının sağlam böyüdülməsində çətinlik çəkir və maddi yardıma ehtiyacı var. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə israrlıdır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsini qismən qəbul edərək, xx.xx.2019-cu ildə də Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 21 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Uşaqları hazırda iddiaçının himayəsindədir. İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Buna görə də məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV 057728 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. xx.xx.2018-ci ildə Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən 51 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 416172 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. xx.xx.2020-ci ildə Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən 196 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ 244748 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X2 rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 21 №-li akt qeydi ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını xx.xx.2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşlar. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqları anasının himayəsində qalmışdır. Uşağın ananın yanında saxlanılması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçı iddia vermiş, özünə və uşağına görə aliment tutulmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hisssində cavabdehin zəruri vəsaitə malik olmasına dair sübut təqdim edilmədiyindən rədd edilməlidir. BMT Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X10 Bəyannamənin 6-cı Prinsipinə əsasən, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir ,uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «X10» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X3 X10 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-ci maddəsinə uyğun tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN–dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar