Məhkəmə qərarları › İş №2(014)-572/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-572/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-572/2022 04.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 dekabr 2019-cu il tarixdə Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 24 mart 2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri bir müddət bundan əvvəl pisləşdiyinə görə faktiki olaraq ayrılmışlar və bütün ər-arvad münasibətləri kəsilmişdir. Cavabdehlə ayrıldıqları vaxtdan uşaq onun yanında qalmışdır və cavabdeh uşağın saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaq azyaşlı olduğundan saxlanılması, mütəmadi olaraq müayinə və müalicəsi üçün maddi yardıma ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşağın saxlanılmasında və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşağın saxlanılmasında və qeyd etdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna əsasən cavabdehlə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisəyə dair, yəni aliment tələbinə dair mübahisənin həlli ilə bağlı mediatora müraciət etmişdir. Lakin cavabdehlə qarşılıqlı razılaşma olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığına görə alimentin tutulması ilə bağlı aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdehdən alimentin tutulması müddəti Mediasiya prosessinin başlandığı gündən, yəni 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Odur ki, Cavabdeh mediasiya işinə başlandığı gündən, yəni 26 avqust 2021-ci il tarixdən başlayaraq onunla rəsmi nikahlarından anadan olmuş uşaqları 24 mart 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, həmçinin 24 mart 2021-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 210 manat alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh polis şöbəsində işləyirdi və iddiaçının şikayət ərizəsi əsasında işdən çıxarılıb. Hal-hazırda Rusiya Federasiyasında yaşayır, maddi imkanı çox zəifdir. Ona görə də alimentin 120 manat məbləğində və 24 mart 2021-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi saxlanması üçün əlavə xərcin hər ay 100 manat məbləğində təyin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən və nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 15 dekabr 2019-cu ildə rəsmi nikaha girmişlər, 24 mart 2021-ci il təvəllüdlü X2 valideynləri İddiaçı və Cavabdehdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 fevral 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, mediasiya prosesinin başlanılması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə müvafiq olaraq iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər görməsi, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması kimi qiymətləndirilə bilməz, bu aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mübahisənin məhkəməyədək həlli qaydasına əməl edilməsidir, buna görə də iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 21 fevral 2022ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə 24 mart 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər uşağın saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana kimi əlavə xərc pulu 100 manat tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 2.880 manata uyğun olaraq 48.80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 fevral 2022-ci il tarixdən başlayaraq 24 mart 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment və 24 mart 2021-ci il təvəllüdlü X1 üçün 100 manat məbləğində əlavə xərc pulu, cəmi 240 (iki yüz qırx manat) aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 48 manat 80 qəpik (qırx səkkiz manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar