Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-615/2025 03.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş X2 18 yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2021-ci ildə ailə həyatı qurmuşlar. xx.xx.2021-ci ildə Ağdaş rayon İHB-nin Şəkili kənd İƏD üzrə nümayəndəliyində nikahları 01 saylı akt ilə rəsmi qeydə aldırmışlar. Birgə nikahdan 20 fevral 2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarında heç bir problem olmamışdır. Lakin xeyli müddətdir ki, birgə yaşadıqları dövrdə cavabdeh ilə xasiyyət və xarakterlərinin uyğun gəlməməsi səbəbindən aralarında narazılıqlar başladı. Cavabdehlə bu səbəbdən ayılmışlar, övladı onun yanında və himayəsindədir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa övladı ilə maraqlanmamış, övladına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladı demək olar ki, valideynlərinin himayəsindədir. Artıq çox çətinlik məkirlər və övladının ehtiyaclarlbl qarşılamağa maddi imkanı çatmır. Odur ki övladının ehtiyaclarını qarşılamaq üçün alimentə ehtiyacı var və buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sessiyasında iştirak etmişlər. Ancaq cavabdehlə razılığa gəlmək mümkün olmadı. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 5 aydır ki anasının himayəsindədir. Cavabdeh uşağı ilə maraqlanmır. Ona anası və xalası köməklik edir. Ona görə də iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, əvvəllər işi var idi, lakin indi heç bir yerdə işləmir. Aliment ödəməyə imkanı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli 3-16-5/8-H-69-1531/2024 saylı arayışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 24 iyul 2021-ci il tarixdə Ağdaş rayon Şəkili kənd icra nümayəndəliyində 01 saylı akt ilə qeydə alınmışdır. İşin materiallarında olan 18 dekabr 2024-cü il tarixli 3-16-5/8-H-69-1530/2024 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X3 20 fevral 2022-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ/MT035-2024-00992 saylı ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 20 fevral 2022-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan münasibətləri pozulduğu üçün onlar faktiki ayrılmışlar. X3 anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşağın saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə uşağın mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 20 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 13 fevral 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, X3 üçün ödəniləcək aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 40.40 (qırx manat qırx qəpik) dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13 fevral 2025-ci il tarixdən başlayaraq 20 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-615/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-615/2025
03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver