Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-732/2022 20.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında qeyd edilmiş nikahları Samux Rayon Məhkəməsinin 2(058)-812/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozularkən birgə nikahlarından anadan olmuş uşaqları 18 may 2007-ci il təvəllüdlü X7 və 20 may 2014-cü il təvəllüdlü X6 onun yanında saxlanılmışdır. Nikah pozularkən cavabdeh məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildiyindən və o, cəza çəkdiyinə və aliment ödəmək iqtidarında olmadığına görə cavabdehdən aliment tələb etməmişdir. Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra uşaqların saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaqlar yetkinlik yaşına çatmadıqlarından onların saxlanılması mütəmadi olaraq müayinə və müalicələri və təhsilləri ilə əlaqədar hazırda maddi yardıma (alimentə) ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında və sağlam böyümələrində, eləcə də təhsil almalarında bir valideyn kimi iştirak etmir. Bununla da o, uşaqların saxlanılmasında qeyd etdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün bir valideyn kimi iştirak etməkdən və yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna əsasən cavabdehlə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisəyə dair, yəni aliment tələbinə dair mübahisənin həlli ilə bağlı 09 fevral 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət işi açmışdır. Lakin cavabdeh mediatorun dəvətində iştirak etmədiyinə və aliment tələbinə münasibət bildirmədiyinə görə ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığına görə alimentin tutulması ilə bağlı aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehdən alimentin tutulması müddəti Mediasiya prosessinin başlandığı gündən, yəni 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Odur ki, Cavabdeh mediasiya işinə başlandığı gündən, yəni 09 fevral 2022-ci il tarixdən başlayaraq onunla rəsmi nikahlarından anadan olmuş uşaqları 18 may 2007-ci il təvəllüdlü X7 və 20 may 2014-cü il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 193 manat sabit pul məbləğində alimentin, həmçinin ilkin mediasiya zamanı mediasiya xidmətinin görtərilməsinə görə ödəmiş olduğu 50 manat pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı Rusiya federasiyasında yaşayır, tək ana kimi dövlətdən müavinət alır. Əvvəllər avtoqəza törətdiyinə görə məhkum olunmuş və əvvəllər məhkum olduğu üçün iş tapıb işləyə bilmir, hal-hazırda 2-ci dəfə ailə qurub. İddiaçı ondan ayrıldığı zaman ailment istəməyəcəyini bildirib. Maddi imkanı çox zəif olduğu üçün hər uşaq üçün hər ay 100 manat məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 18 may 2007-ci il təvəllüdlü X7 və 20 may 2014-cü il təvəllüdlü X2 valideynləri İddiaçı və X4. İşə olan 11 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil vasitəsi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İşdə olan Samux Rayon Məhkəməsinin 2(058)-812/2019 saylı 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 aprel 2006-cı il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş rayon Maşad kənd İƏD üzrə nümayəndəliyində 08 sayla qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından 18 may 2007-ci il tarixdə anadan olmuş X7 və 20 may 2014-cü il tarixdə anadan olmuş X6 adlı uşaqları iddiaçı olan anaları İddiaçı yanında və himayəsində saxlanılmaları qət edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 ilə nikahlarını 16.03.2022-ci il tarixdə qeydə aldırmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 07 fevral 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 30 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, mediasiya prosesinin başlanılması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə müvafiq olaraq iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər görməsi, lakin aliment ödəməli şəxsin onun verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması kimi qiymətləndirilə bilməz, bu aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mübahisənin məhkəməyədək həlli qaydasına əməl edilməsidir, buna görə də iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və iddiaçının tələbi nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30 mart 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə 18 may 2007-ci il təvəllüdlü X7 və 20 may 2014-cü il təvəllüdlü X2 18 yaşına çatana qədər uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment, mediasiya sesiyası üçün ödənilmiş 50 manat tutulmalı, iddia qalan hissədə rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir il ərzində ödənilməli alimentin məcmusuna, yəni 3120 manata uyğun olaraq 51.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 mart 2022-ci il tarixdən başlayaraq 18 may 2007-ci il təvəllüdlü X7 və 20 may 2014-cü il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat (iki yüz altmış manat) sabit pul məbləğində aliment və mediasiya sesiyası üçün ödənilmiş 50 (əlli) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 51 manat 20 qəpik (əlli bir manat iyirmi qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-732/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-732/2022
20.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver