Məhkəmə qərarları › İş №2(014)-770/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-770/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-770/2024 11.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-c il tarixdə Cavabdeh ilə qeyri rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Qeyri rəsmi nikahlarından xx.xx.2022-c il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə əvvəllər münasibətləri normal olsa da, sonradan alə münasibətləri pozulmuşdur. Belə ki, cavabdehin ona (iddaçıya) qarşı münasbət dəyişmiş, ailədə tez-tez əsassız münaqişələr yaratmış, ona (iddaçıya) hörmət etmirdi. Cavabdeh uşağın saxlanılmasında heç bir maddi köməklik göstərməmişdir. O (iddiaçı) heç bir yerdə işləmir. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. Buna görə də hesab edr ki, uşağın saxlanılması üçün Cavabdeh onun (iddiaçının) xeyrinə aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, 02 iyun 2022-c il tarixdə anadan olmuş X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tələb edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir, iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur, hər ay iddiaçıya 150 manat aliment ödəməyə gücü çatır, amma əlavə olsa yenə ödəyəcək. Aylıq qazancı 300 manatdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 978842 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarxli, MŞM/MT00137/2024 saylı mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər arasında “atalıq faktının müəyyən olunması və alimnetin müəyyən olunması”na dair mediasiya prosesi keçirilmiş, tərəflər atalıq faktının müəyyən olunmasına dair aralarında razılığa gəlmişlər, lakin alimentin müəyyən olunmasına dair razılığa gəlməmişlər. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Mürsəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 5- 32-12/2-36/2024 nömrəli arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, şəxs həqiqətən Ağdaş rayon Mürsəl kəndində qeydiyyatdadır və Mürsəl kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 2021-c il tarixdə Cavabdeh ilə qeyri rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Qeyri rəsmi nikahlarından xx.xx.2022-c il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə əvvəllər münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Hazırda ayrı yaşayırlar. Cavabdeh uşağın saxlanılmasında heç bir maddi köməklik göstərmir. İddiaçı heç bir yerdə işləmir. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. Buna görə də iddiaçı uşağın saxlaılnması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunun yuxarıda qeyd olunan normalarını, eyni zamanda uşağın mənafelərini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 24 aprel 2024-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 24 aprel 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 41 manat 60 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən ) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə münasib olaraq 41 (qırx bir) manat 60 (altmış) qəpik dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar