Məhkəmə qərarları › İş №2(014)-970/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-970/2021

25.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-970/2021 25.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi A.Hacıyevin iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə arasında bağlanılmış 16.12.2019-cu il tarixli AGK02108 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və ona verilən pis, keyfiyyətsiz məhsul olan “BOSCH” markalı WAK2426SME modelli paltaryuyan üçün ödəniş etdiyi 1249 manat məbləğin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə arasında bağlanmış 16.12.2019-cu il tarixli AGK02108 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin Ağdaş rayon filialından 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə “BOSCH” markalı KGN49XL30U modelli, 1599 manat dəyərində 01 ədəd soyuducu və “BOSCH” markalı WAK2426SME modelli, 1249 manat dəyərində 01 ədəd paltaryuyan almışdır. Aldığı məişət avadanlıqlarını evə apararaq istifadə etmək məqsədi ilə dərhal qurlaşdırmışdır. Aldığı gündən indiyə kimi “BOSCH” markalı KGN49XL30U modelli soyuducunun nasazlığı olmamışdır, lakin “BOSCH” markalı WAK2426SME modelli paltaryuyan alınan gündən indiyə kimi normal işləməmiş, ən sadə formada və qısa müddət ərzində yuyulmalı olan paltarların yuyulması üçün 8-10 saat vaxt tələb etmişdir. O, bu barədə Cavabdeh MMC-nin əməkdaşları ilə əlaqə saxlayaraq şikayətini bildirdikdə onların servis xidməti onlara gələrək paltaryuyanı təmir etmək istəmişdir. Lakin 4-5 dəfə təkrar olunmuş bu hal üzrə paltaryuyan təmir edilə bilmədiyi üçün servis xidməti tərəfindən Bakı şəhərinə aparılaraq məişət avadanlığının saz vəziyyətdə olan yeni paltaryuyan ilə dəyişdiriləcəyi bildirilmişdir. Lakin uzun müddət keçdikdən sonra yenə həmin “BOSCH” markalı WAK2426SME modelli paltaryuyan ona geri gətirilmiş və dəyişdirilməmişdir. Beləliklə ona qarşı məsuliyyətsiz davranışlar göstərərək onun özündə “alıb-aldanmışam” fikri yaratmışlar. Göründüyü kimi Cavabdeh MMC-nin əməkdaşları Azərbaycan Respublikasının vətəndaşını, həmçinin istehlakçı olaraq onu pis, keyfiyyətsiz məhsul sataraq aldatmışlar. Onu da qeyd etmək istəyir ki, bütün bu baş verənlərə, yəni məişət avadanlığının qüsuru olmasına və Cavabdeh MMC tərəfindən ona qarşı kobud davranılmasma baxmayaraq aylıq ödənişini gecikdirməmiş və öhdəliyini üzərindən atmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, iddiaçıdan paltaryuyan maşın almışdır,lakin paltaryuyanı evə gətirdikdə paltaryuyan paltarı 2 saat 50 dəqiqəyə yumuşdur.O,dərhal maşındakı nasazlıq barədə Cavabdeh MMC-nin Ağdaş filialına məlumat vermişdir, qeyd edir ki, o, paltaryuyan maşını Mingəçevir şəhırinə apardığı üçün ustalar da oradan gəlirdi. Odur ki, Cavabdeh MMC-dən paltaryuyan maşın ustaları gəldilər, paltaryuyanın gec yuduğunu özləri gördülər və etiraf etdilər ki, məhsul defekt çıxmışdır.Həmçinin ustalar ona dedilər ki, paltaryuyan maşın düzəlməlidir.Lakin o,bunu qəbul etməmişdir. Qeyd edir ki, o, əvvəlcə ilkin ödəniş etmiş,daha sonra isə hər ay 120 manat olmaqla iddiaçıya pul ödəmişdir.O,bir neçə ay isə ayda 220 manat ödəniş etmişdir.Onun müraciətindən sonra servisdən ustalar gəlmiş,daha sonra isə Cavabdeh MMC-dən gəlmişlər. Gələn şəxslərin və ustaların adlarını bilmir.O,dəfələrlə qaynar xəttə müraciət etsə də heç bir nəticəsi olmamışdır.Hazırda dedikləri barədə heç bir sübut təqdim edə bilmir. Lakin dedikləri tam həqiqət və reallığı əks etdirir. Odur ki, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Aydın Hacıyev məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, tətəflər arasında müqavilə bağlansa da,müqavilənin şərtlərinin pozulması barədə şirkətdə heç bir məlumat yoxdur. İddiaçının dediklərini əsaslandıracaq heç bir sübutu yoxdur.Qeyd edir ki, onların şəxsi Omeqa servis mərkəzləri vardır.Müraciətlər olduqda oradan mütəxəssislər gedir. Lakin belə bir müraciət sistemdə görünmür. Alınan məhsullar geri qaytarılmamışdır. Hazırda iddiaçının 1125 manat borcu qalmışdır. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 16 dekabr 2019-cu il tarixli tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı 1599 manat məbləğində Bosch markalı soyuducu və 1249 manat məbləğində Bosch markalı paltaryuyan 12 ay müddətinə hər ay 225 manat ödəmək şərti ilə nisyə satmışdır. 16 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, soyuducu və paltaryuyan İddiaçı təhvil verilmiş, alıcı tərəfindən satılmış malların texniki göstəriciləri və yararlılığına dair iradlar bildirilməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 10 dekabr 2020-ci il tarixdə pretenziya məktubu göndərilmiş, həmin məktubda Cavabdeh MMC ilə arasında bağlanılmış 16.12.2019-cu il tarixli AGK02108 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və ona verilən pis, keyfiyyətsiz məhsul olan “BOSCH” markalı WAK2426SME modelli paltaryuyan üçün ödəniş etdiyi 1249 manat məbləğin ona geri qaytarılması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən nasaz vəziyyətdə və keyfiyyəstsiz paltaryuyan maşın aldığını bildirərək bu barədə elə həmin gün iddiaçıya məlumat verdiyini və malın dəyişdirilməsini tələb etdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsasını sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Lakin iddiaçının 14 gün ərzində cavabdehdən aldığı paltaryuyan maşının keyfiyyətsiz və nasaz olması səbəbi ilə başqası ilə dəyişdirilməsi barədə müraciət etməsi məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki,satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir və müqavilənin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Odur ki,iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar