Məhkəmə qərarları › İş №2(014)-997/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-997/2020

17.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-997/2020 17.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Azyaşlı uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı azyaşlı uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə 150 manat, alimentin, həmçinin xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adlı uşaq üç yaşına çatanadək əlavə olaraq 100 manat miqdarında pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq evlənmişlər, birgə nikahlarından xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətlərinin uyğun olmaması səbəbindən faktik olaraq ayrılmışlar. Uşaq hazırda onun himayəsindədir. Ayrıldıqları vaxtdan etibarən cavabdeh uşağa maddi yardım etmir. Özü heç bir yerdə işləməyib uşağa qulluq etdiyi üçün uşağın tələbatını ödəyə bilmir. Həmçinin qeyd edir ki, uşaq üç yaşına çatana qədər əlavə olaraq 100 manat pula ehtiyacı vardır. Cavabdeh tələb edilən alimenti ödəmək ixtiyarındadır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, tələb edilən alimenti ödəmək ixtiyarında deyil. Belə ki, aylıq 450 manat maaş alır. Həmçinin qeyd etdi ki, uşağın saxlanılması üçün ayda aşağı məbləğdə aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən atalığın müəyyən edilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 atasıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2019-cu ildə anadan olmuş X1 valideynləri Cavabdeh və İddiaçıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamdıqda uşağın saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1, 84.2 və 84.2.2-ci maddələrinə əsasən ər-arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və umumi uşağının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşağın mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşağın həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşağını saxlamağa borclu olması, uşağın mənafeyi, 2020-ci il uşaqlar üçün yaşayış minimumu nəzərə alınaraq məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaq 18 yaşına çatana qədər onun saxlanılması üçün hər ay 150 manat aliment,həmçinin uşaq üç yaşına çatana qədər əlavə xərc olaraq 50 manat pul tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 manat, həmçinin uşaq üç yaşına çatana qədər 50 manat, cəmi 200 (iki yüz) manat aliment tutulsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar