Məhkəmə qərarları › İş №2(015)-1/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1/2025 22.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödədiyi 50 manatın pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Nikahları Məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X8 doğulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X8 onun himayəsinə verilmişdir. Odur ki, Cavabdeh 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 193 manat sabir pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödədiyi 50 manatın pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. İş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Ağstafa rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, X9 23 oktyabr 2008-ci il tarixdə və X8 24 iyul 2010-cu il tarixdə anadan olmuşlar.

8. X11 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X4 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı X4 iştirak etmiş və Cavabdeh X4 iştirak etməmiş, Cavabdeh ilkin mediasiya prosesini davam etdirilməyə razılıq verməmişdir, mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

9. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(015)-36/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasındakı nikahdan anadan olmuş 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X8 ataları İddiaçı yanında qalıb. İddiaçı Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə 23 oktyabr 2008-ci il təvəllüdlü X6 və 24 iyul 2010-cu il təvəllüdlü X2 üçün hər ay ondan Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi qət edilmişdir.

10. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya üçün 50 manat rüsum ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.İddiaçı ilə Cavabdeh ilə arasında birgə nikahdan 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. Uşaqlar iddiaçının yanında qalırlar. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş və mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdeh həmçinin uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən iddiaçı cavabdehdən uşağının saxlanılması üçün aliment tələb etmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

17. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

20. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

21. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər ay 193 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında birgə nikahdan olan 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X5 Ağstafa Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(015)-36/2020 nömrəli qətnaməsinə əsasən ataları İddiaçı yanında qalmasını nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulmalıdır.

22. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,375 = 150 manat) 0,375 misli həddində olmaqla cəmi 0,75 (300 manat) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır.

24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.

Nəticə hissəsi:

29. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 23 oktyabr 2008-ci il təvəllüdlü X9 və 24 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində olmaqla cəmi 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar