Məhkəmə qərarları › İş №2(015)-1021/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1021/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1021/2023 01.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı cavabdeh Hüseynova (Əliyeva) Ayşən Azər qızına qarşı «alimentə dair yığılan borcun ödənilməsindən azad etmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hüseynova (Əliyeva) Ayşən Azər qızına qarşı «alimentə dair yığılan borcun ödənilməsindən azad etmə» tələbinə dair iddia qaldıraraq, Ağstafa Rayon Məhkəməsinin 2(015)-97/2020 saylı, 09 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən 09 dekabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 320 manat sabit pul məbləğində ödənilməli olan alimentə dair yığılan 8.010 manat borcun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, Hüseynova (Əliyeva) Ayşən Azər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər uşaq üçün 160 manat cəmi 320 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-97/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ondan 09 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçı Hüseynova (Əliyeva) Ayşən Azər qızına ödənilməsi qət edilmişdir. 2021-ci ilədək cavabdeh ilə bir yerdə mehriban yaşamaqla normal ailə münasibətlərini davam etdirmişlər. Uşaqlarına həm mənəvi həmdə maddi yardım göstərmişdir. Hətta həmin müddətdə ailəsinin normal yaşaması üçün öz şəxsi qazancının hesabına ev də tikdirmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-97/2020 saylı 09 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən 09 dekabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 320 manat sabit pul məbləğində ödənilməli olan alimentə dair yığılan 8.010 manat borcun ödənilməsindən azad edilmənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini, həmçinin Mediasiya Şurasının müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməsinə baxmayaraq, cavabdeh onun təklifini cavabsız qoymuşdur. Həmçinin 08 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında tərəflər, yəni İddiaçı iştirak etmişdir, amma qarşı tərəf iştirak etməmişdir. Buna dair X4 00424 nömrəli 08 avqust 2023-cü il tarixli arayışı da təqdim olunmuşdur. Buna görə də, Ağstafa Rayon Məhkəməsinin 2(015)-97/2020 saylı 09 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən 09 dekabr 2019-cu il tarixdən başlayaraq Hüseynova (Əliyeva) Ayşən Azər qızının xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 320 manat sabit pul məbləğində ödənilməli olan alimentə dair yığılan 8.010 manat borcun ödənilməsindən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Ağstafa Rayon Məhkəməsinin 2(015)-97/2020 saylı 09 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən 09 dekabr 2019-cu il tarixdən başlayaraq Cavabdehxeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 320 manat sabit pul məbləğində ödənilməli olan alimentə dair yığılan 8.010 manat borcun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Hüseynova (Əliyeva) Ayşən Azər qızı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Ağstafa Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(015)-97/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 09 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment iddiaçı Hüseynova (Əliyeva) Ayşən Azər qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarının saxlamağın qayda və formasını valideynlər müstəqil müəyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd edilən Məcəllənin 76-cı maddəsi ilə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi nəinki hüquq, həm də sosial baxımdan önəmlidir. Valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi validyenlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən olunub. Valideynlərin uşaqları saxlamaq vəzifəsi uşaqların doğulduğu vaxtdan əmələ gəlib, onlar yetkinlik yaşına çatana kimi davam edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi şəxsi xarakter daşıyır. Bu vəzifə başqalarının üzərinə qoyula bilməz. Aliment öhdəliklərində tərəflər uşaq və valideyndir. Bir valideyndən aliment tutulduqda, tələbkar uşağın özüdür. Uşağın aliment almaq hüququnu o biri valdeynin həyata keçirməsi onun öhdəlikdə tərəf olmasını istisna edir. Aliment tutulması barədə məhkəməyə müraciət etmək hüququ geniş mənada istənilən müddətdə deyil, aliment almaq hüququnun mövcud olduğu müddət ərzində həyata keçirilə bilər. Bu müddət, məhz aliment almaq hüququnun mövcud olduğu müddəti nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları cavabdeh Hüseynova (Əliyeva) Ayşən Azər qızının himayəsində yaşayırlar. Həmçinin İddiaçı iddia ərizəsində göstərdiyi yəni 2021-ci ilədən cavabdehlə bir yerdə yaşamaları və uşaqlarının qayğısına qaldığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin faktiki hallarını və sadalanan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddiaçının yaranmış aliment borcunun silinməsinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyüun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Hüseynova (Əliyeva) Ayşən Azər qızına qarşı «alimentə dair yığılan borcun ödənilməsindən azad etmə» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 111 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar