Məhkəmə qərarları › İş №2(015)-1176/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1176/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1176/2024 05.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanılması üçün uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat, ümumilikdə 900 manat məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2016-ci ilin oktyabr ayında el adəti ilə toy edərək nikahlarını 29 oktyabr 2012-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından X13 adlı övladları anadan olmuşdur. Cavabdeh yüksək gəlir əldə etsədə uşaqların saxlanılmasında iştirak etmir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iştirak etməmiş, etməməsinin səbəbi barədə ərizə göndərərək ailə vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və uşaqlarının saxlanılması üçün aliment tutulmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, etməməsinin səbəbi barədə ərizə göndərərək ailə vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və uşaqlarının saxlanılması üçün iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməkdə razı olduğunu qeyd etmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Doğum haqqında şəhadətnamələrin və Ağstafa rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı üç uşaqları anadan olmuşdur.

8. Ağstafa rayon İcra Hakimiyyəti başçısının Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 971/g nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağstafa rayon Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır.

9. X11 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasının davam etdirilməsini istəməmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. İddiaçı ilə Cavabdeh 2016-cı ilin oktyabr ayında ailə qurmuş, nikahlarını 29 oktyabr 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı üç uşaqları anadan olmuşdur. Hazırki iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştirakına cəlb olunmuş, lakin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Tərəflərin ilk vaxtlar münasibətləri normal olsa da sonradan aralarında olan ziddiyyətlər cavabdeh yüksək gəlir əldə etsə də uşaqların saxlanılmasında iştirak etmir. Eyni zamanda cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən iddiaçı ondan uşaqlarının saxlanılması üçün aliment tələb etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir

13. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

14. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür.

15. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat ümumilikdə 900 manat məbləğində aliment alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə göndərərək iddia tələbini qəbul etməsini və tələb olunan məbləğdə aliment tutulmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası MPM-nin Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

17. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır.

19. Məhkəmə iddiaçıdan tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

22. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, cavabdehin iddia tələbini qbul etməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün 300 manat olmaqla hər ay 900 manat miqdarında aliment tutulub İddiaçı ödənilməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.

24. “X12 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 10800 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 122,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

26. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir. Nəticə hissəsi:

27. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün 300 manat olmaqla hər ay üç uşağa görə ümumilikdə 900 (doqquz yüz) manat miqdarında aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 122,4 (yüz iyirmi iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar