Məhkəmə qərarları › İş №2(015)-1195/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1195/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1195/2025 02.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, prosessual qanunvericilikdə iddia ərizəsi verilərkən onun cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması və alimentin alınması haqqında olan iddiaların iddiaçının yaşadığı yerə görə verilməli olduğu nəzərdə tutulmuşdur. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, iddia ərizəsində Cavabdeh ünvanı Tovuz rayonunun Məşədivəlilər kəndi kimi göstərilmişdir. Onun Ağstafa rayonu ərazisində qeydiyyatda olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Həmçinin iddiaçının da şəxsiyyət vəsiqəsi üzrə çıxarışdan da görünür ki, iddiaçının da qeydiyyatda olduğu ünvan Tovuz rayonu, Həsənli kəndidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3 və 36.5-ci maddələrinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması və alimentin alınması haqqında olan iddiaların iddiaçının yaşadığı yerə görə verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırki iddia ərizəsi verilərkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizənin qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 36, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizənin qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar