Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-121/2025 04.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 iyun 2008-ci il təvəllüdlü X2 və 30 may 2010-cu il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağın saxlanılması üçün 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, cavabdehlə 2007-ci il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş, nikahlarını 22 iyul 2008ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban ailə münasibətləri olmuşdur. Lakin hazırda cavabdehlə ayrılmışlar və uşaqlar onun himayəsindədir. Cavabdehlə ailə münasibətlərini bərpa etmək istəsə də o, buna razı olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib göstərdi ki, o, iddiaçının dedikləri ilə razı deyil. Belə ki, onlar ailəli olan vaxt iddiaçı evə başqa qadın gətirmişdir. Uşaqlarına görə heç nə deməmişdir. Daha sonra o, ayrılıb atasının evinə gəldikdən sonra iddiaçı başqa qadınla ailə qurmuş, bir müddət onunla yaşamışdır. Həmin qadınla ayrıldıqdan sonra iddiaçı onunla barışmaq istəmiş, lakin o, razı olmamışdır. Hazırda Saloğlu mebel fabrikində işləyir və 300 manat əmək haqqı alır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan 15 iyun 2008-ci il təvəllüdlü X2 və 30 may 2010-cu il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-34/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah pozulmuş, 15 iyun 2008-ci il təvəllüdlü X2 və 30 may 2010-cu il təvəllüdlü X3 adlı uşaqların İddiaçı yanında qalması qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşaqların saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə Məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya orqanına müraciət etmiş, lakin mediasiya prosesində heç bir razılıq əldə edə bilməmişlər. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. İş materiallarında olan Cavabdeh elektron məhkəmə informasiya sistemi üzrə gəlir məlumatlarının çıxarışından görünür ki, Cavabdeh Saloğlu Fərdi Firmasında üzçəkən vəzifəsində işləməklə, aylıq 400 manat əmək haqqı alır. Eyni zamanda, qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə belə hesab edir ki, cavabdehin rəsmi olaraq iş yeri var və hər ay stabil əmək haqqı alır. Ona görə də, cavabdehdən aliment sabit pul məbləğdə deyil, onun aylıq qazancının 1/3 hissəsində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir və tutulan aliment əmək haqqının iki uşaq üçün nəzərdə tutulmuş 1/3 (üçdə bir) hissəsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. 15 iyun 2008-ci il təvəllüdlü X2 və 30 may 2010-cu il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-121/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-121/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver